ABŞ Ali Məhkəməsi məişət zəminində odlu silahla törədilən cinayətlərə görə cəzaların sayını artırıb. Novator.az xəbər verir ki, məhkəmənin yeni qərarına əsasən, məişət zorakılığı zamanı odlu silahdan istifadə silah gəzdirmək hüququndan məhrum edilməyə gətirib çıxara bilər.
Qərarda silah gəzdirmək qadağasının yalnız qəsdən cinayət törətmiş şəxslərə tətbiq olunması kimi bir istisna qeyd edilməyib.
ABŞ-da 20 il əvvəl qəbul edilmiş qanun da məişət zəminində törədilmiş kiçik cinayətlərdə təqsirli bilinən şəxslərə silah gəzdirmək hüququnu qadağan edir. Lakin hakim Yelena Kaqan qeyd edib ki, həmin qanunda təhlükəli boşluqlar var. Hakimin fikrincə, 20 il əvvəlki qanun məişət zorakılığında təqsirli bilinənlərin bir çoxunun cinayət əməlinə görə deyil, kiçik qanun pozuntusuna görə cəzalanmasına gətirib çıxarıb.
ABŞ Ali Məhkəməsi yeni qərarını odlu silahla törədilən cinayətlərin qarşısının alınması ilə bağlı ölkədə keçirilən debatlar fonunda qəbul edib.
Bu debatlar Orlandoda gecə klubunda baş verən atışmadan sonra daha da qızışıb. 2016-cı il iyunun 12-nə keçən gecə Florida ştatının əfqan əsilli sakini Ömər Mətin Orlandoda gecə klublarının birinə hücum edərək odlu silahla 49 nəfəri qətlə yetirib, 53 nəfəri yaralayıb.