Azərbaycanda kişi və qadının əmək pensiyasına çıxmaq yaşını bərabərləşdirmək olarmı? Transparency.az bu sualla müzakirə aparıb.
“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Rəsmi statistikaya əsasən, 2015-ci ildə ölkədə gözlənilən ömür uzunluğu kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub.
İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda qadınların pensiya yaşı ilə əlaqədar bir neçə amilə nəzər yetirməyi vacib bilir: “Birincisi, işləyən vətəndaşlar arasında qadınların, xüsusilə orta yaş və ondan yuxarı olanların azlığı sosial baxımdan onların pensiya yaşının artırılması əleyhinə işləyir. Çünki bu halda qadınların işdən çıxma və pensiya yaşı arasında fərq artar.
İkincisi, kişilərin orta aylıq əməkhaqqı qadınların orta maaşından çoxdur. Pensiya yaşının artımı zərif cinsin nümayəndələrinin pensiyaya az sığorta yığımı ilə çıxmasına gətirər.
Dövlət Statistika Komitəsinə inansaq, qadınlar kişilərdən təxminən 5 il çox yaşayır. Amma indiki şəraitdə qadınların pensiya yaşının artırılması sosial baxımdan ədalətli hesab olunmur. Qadınların pensiya aldığı illərin azalması onların orta ömür göstəricisinə mənfi təsir edə bilər”.
Sosioloq Cavid İmamoğlu deyir ki, dünyanın inkişaf etmiş ölkələrində pensiya yaşını bərabərləşdirmək istiqamətində işlər gedir: “Pensiya yaşının 2020-ci ilə qədər bir çox ölkədə eyniləşdiriləcəyi haqda siyasətlər qəbul olunur. Qadın və kişinin pensiya yaşı arasında fərq əvvəllər sırf herontoloji baxımdan götürülürdü. Yəni dünyanın əksər ölkəsində qadınların kişilərə nisbətən tez qocaldığı nəzərə alınırdı. Son dövrlə isə pensiya siyasəti insan hüquq və azadlıqları kontekstində araşdırılır və gender üzrə fərqin aradan qaldırmaq siyasəti yürüdülür. Bunun həm kişilər, həm də qadınlar üçün ən optimal variant olduğu düşünülür.
Azərbaycanda da pensiya yaşında fərqin aradan qaldırılması mümkündür. İndiki vəziyyət heç də ürəkaçan deyil. Əmək qabiliyyəti ilə pensiya yaşı arasında fərq olduğu üçün qadınlar pensiyaya erkən çıxmaqdan məmnun qalmırlar. Bunu məktəb müəllimələri səviyyəsində aşkar müşahidə etmək olaq. Ona görə də pensiya yaşının hesablanması optimal əsaslara söykənməlidir. Pensiyaya gec, ya da həddindən artıq tez yaşda çıxmağın qarşısı alınmalıdır. Bu zaman maliyyə itkisi, mənəvi-psixoloji ab-havanın dəyişməsi, pensiyaya çıxdıqdan sonra yeni həyata alışma baxımından çoxlu problem ortaya çıxa bilər”.
Milli Məclisin deputatı Musa Quliyev deyir ki, Azərbaycanda kişi və qadınların pensiya yaşlarını eyniləşdirməyə ehtiyac yoxdur: “Hazırda hər iki cins üçün müəyyən olunmuş pensiya yaşı normaldır. Qadınlar ona görə tez pensiyaya çıxır ki, uşaq dünyaya gətirir, onu böyüdür. Dövlət, cəmiyyət onlara qayğı göstərməlidir. Kişilərdən əvvəl pensiyaya çıxmaları elə bunun təzahürüdür”.
Bəzi ölkələrdə pensiya zamanı həm qadınlar, həm də kişilər üçün eynidir: İndoneziya (58 yaş), Yaponiya, Cənubi Koreya, Malayziya, Pakistan, Səudiyyə Ərəbistanı (60), Latviya (62), Macarıstan (63), Avstraliya, Belçika, Kanada, Danimarka, Fransa, Almaniya, Mərakeş, Niderland, Yeni Zelandiya (65), İrlandiya, İtaliya, ABŞ (66), Yunanıstan, İslandiya, Norveç (67)…