İyunun 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm və kitab” adlı elmi konfrans və yenicə çapdan çıxmış “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.
Konfrans Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açıb. O, tədbirin Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun keçirildiyini bildirib və kompleks tədbirlərin regionlarda da təşkil ediləcəyini söyləyib. Kərim Tahirov multikulturalizmin Azərbaycanın ənənəvi siyasətinin çox yaxşı modeli olduğunu, ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələrinin harmonik inkişaf etdiyini vurğulayıb.
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisinin deputatı Nizami Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Məzrkəzinin analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət Kərimova və başqaları öz çıxışlarında multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyiblər.
Sim-sim.az portalı xəbər verir ki, konfransın ikinci hissəsində məruzələr dinlənilib. Azərbaycan Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, Bilik Fondunun əməkdaşı Reyhan Yusifqızı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Adil Abdullayeva, F.Köçərli adına Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova, Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov, Hərbi Akademiyanın dosenti, filologiya elmləri namizədi Münəvvər Məmmədova, Polis Akademiyasının müəllimi Rahim Məcnunov, AMEA-nın Mərkəzi Kitabxanasının fondların formalaşması şöbəsinin biblioqrafı Sevil Əliyeva və başqaları öz çıxışlarında multikulturalizm və kitabxana işi, kitabxanalara tətbiqindən danışıblar.
Konfrans çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.
Sonda tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.