Transparency.az prezident İlham Əliyevin 22 iyun 2016-cı il fərmanı ilə təsdiqlənmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasının bəzi məqamlarını təqdim edir.
İpoteka kreditləşməsini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək.
Qaydaya əsasən, ipoteka kreditini Azərbaycan vətəndaşı ala bilər. Kredit manatla, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir.
Bu xidmətdən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı yaşayış sahəsinin alınması üçün istifadə edilə bilər.
İpoteka kreditinin məbləği ərazi üzrə orta bazar qiymətindən artıq olmur və təmirli yaşayış sahələrinin alınmasına verilir. Maksimal məbləği və illik faiz dərəcələrini ASC-nin Müşahidə Şurası müəyyən edir.
Qaydaya görə, vətəndaşa yaşayış sahəsinin dəyərinin 85 faizindən çox və 75 faizindən az məbləğdə kredit verilmir. Aylıq ödənişin həcmi isə ümumi gəlirin 70 faizindən çox olmur, bərabər hissələrə bölünür. Kreditin son ödəniş tarixi pensiya yaşı həddini (kişilər üçün 63 yaş, qadınlar üçün 60 yaş) keçməməlidir.
Gənc ailənin üzvü olan bu şəxslər ipoteka krediti imkanından istifadə edə bilər:
— şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
— Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
— məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
— ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
— ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
— fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
— idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
— elmlər doktoru elmi dərəcəsi olan şəxs;
— ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
— ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılan hərbi qulluqçular;
— ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə oluna bilər.
İpoteka krediti “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi ilə verilir.
Bu sistemlə edilən müraciətlərə növbəli əsasda baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
Vətəndaş ipoteka krediti almaq üçün şəxsiyyətini təsdiq edən sənəd və sənədin surətini; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surətini; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surətini; iş yerini və gəlirlərini təsdiq edən sənədləri təqdim edir.
Fərdi sahibkardan vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti, vergi orqanlarının qəbul etdiyi gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini də tələb olunur.
İpoteka kreditinin verilib-verilməməsi haqqında 3 iş günü ərzində qərar qəbul edilir, bu qərar vətəndaşa bildirilir, elektron sistemdə də yerləşdirilir.
Razılıq əldə olunduqdan sonra vətəndaş 45 gün ərzində yaşayış sahəsini müəyyənləşdirməlidir. 3 iş günü ərzində isə qiymətləndirmə aparılır. Müvəkkil bank kreditin verilməsinə dair qərarı 5 iş günü müddətində qəbul edir.
İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ var.
Qaydaya görə, ASC-nin Müşahidə Şurası kredit və güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrini müəyyən edənə qədər illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.