Prezident İlham Əliyev ipoteka kreditləşməsi məsələləri haqqında fərman imzalayıb. İyunun 22-də verilən fərmanla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib. ASC-nin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.
Fərmana əsasən, ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılmalı və 2017-ci il yanvarın 1-dən tətbiq olunmalıdır.
“Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini və s. işləri təmin etməlidir.
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ötən il oktyabrın 27-də prezident İlham Əliyev fərmanı ilə (Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib) yaradılıb. Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur.
İyulun 22-də imzalanmış yeni fərmana əsasən, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.
Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasını da təsdiqləyib. Qaydaya görə, kredit Azərbaycan manatı ilə, Azərbaycan Respublikasının vətəndaşına verilməlidir. Müddət 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti üçün isə 30 ilədəkdir.