İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli aqrar sahənin inkişafı üçün zəruri tədbirlərdən yazıb. Deputat təşkilatın “Yeni kurs — Azərbaycanın innovasiyalı inkişaf proqramı”nın kənd təsərrüfatına dair hissəsindən müddəalar təqdim edib.
Transparency.az-ın məlumatına görə, deputat aqrar sahənin inkişafının ölkənin iqtisadi sabitliyi, sosial dayanıqlığı, ərzaq təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq irəliləyişə nail olmaq yollarını belə şərh edib: “Bir sıra tədbirlərin həyat keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artsa da, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac göstəriciləri potensial imkanlardan xeyli geri qalır. 2015-ci ildə kənd təsərrüfatı istehsalının artım tempi 7 faizə yaxın olub, 5,6 milyard manatlıq məhsul istehsal edilib. Bu ilin ortalarına da 6 faiz artım var. Aqrar sahədə artım tempi yüksək olsa da, hələlik adambaşına ildə 581 manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu da ölkə üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahədə əmək məhsuldarlığının və istehsalın nə qədər aşağı olduğunun əyani nümunəsidir.
Mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu, kəndlərin ölkənin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 37 faizi ölkənin ümumi daxili məhsulunun (ÜDM) cəmi 5 faizini yaradır. 2015-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı xeyli artsa da, onun ən yaxşı göstəricisi hələlik 600 milyon dollar ətrafındadır. Bu da Azərbaycan kimi kənd təsərrüfatının inkişafı baxımından böyük potensialı olan ölkə üçün çox aşağı göstəricidir”.
Əli Məsimli qeyd edir ki, ölkənin əkin sahələrindən və kənd təsərrüfatı üçün yararlı torpaqlarından yetərincə səmərəli istifadə edilmir: “Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları kiçikdir deyə yüksək nəticələr əldə olunmur, geniş təkrar istehsal qurulması və gəlir əldə edilməsinə imkan verən ixraca işləmək imkanı məhduddur. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddi və maliyyə resurslarının məhdudluğu istehsalı genişləndirmək üçün yetərli deyil”.
Deputat qeyd edir ki, kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulmur və bu sahəyə yönəldilən vəsaitdən istifadə səmərəliliyi aşağıdır: “Kənd təsərrüfatında mütərəqqi texnika, texnologiya və istehsal mədəniyyətindən istifadənin tətbiq dərəcəsi qənaətbəxş deyil və bu səbəbdən əmək məhsuldarlığının və istehsalın səmərəliliyi çox aşağıdır.
Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə aztorpaqlı ölkələr kateqoriyasına aid edilsə də, kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malikdir. Ölkədə adambaşına 1,08 hektar torpaq fondu, 0,6 hektar yararlı torpaq sahəsi, 0,2 hektar əkin sahəsi düşür. Elmi-texniki tərəqqiyə əsaslanan aqrar siyasətlə kənd təsərrüfatında 2-3 dəfə və daha çox artım əldə etmək mümkündür. Ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, ərzaq bolluğuna nail olmaq, sözügedən sahənin ixrac imkanlarını xeyli artırmaq, ildə orta hesabla 2-3 milyard dollara çatdırmaq olar”.
Proqramda kənd təsərrüfatı sahəsində əmək məhsuldarlığını yüksəltmək, ehtiyacları daxili istehsal hesabına artırmaq, bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirmək üçün isə ilk növbədə uzunmüddətli strategiya və xüsusi dövlət proqramının, stimullaşdırıcı proqram və tədbirlər paketinin hazırlanıb həyat keçirilməsi zəruri hesab edilir.
Deputat hesab edir ki, aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlər aradan qaldırılmalı, torpaqdan, sudan, qabaqcıl texnika və texnologiyadan, mütərəqqi aqrotexniki üsullardan səmərəli istifadə mexanizmləri qurulmalı, ixracın artırılması kimi məsələlər önə çəkilməlidir.