AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən artırılıb.
Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehtiyev Trend-ə deyib ki, Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının həbs müddətinin artırılması ilə bağlı verdiyi vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.
Bunadək Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılmışdı.
Fuad Qəhrəmanlı 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdən az sonra – dekabrın 8-də tutulub və Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan ona Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə də ittiham irəli sürülüb.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam — ümumilikdə 70 nəfər tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.