Politoloq Elxan Şahinoğlunun rəhbərlik etdiyi “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın rusiyalı həmkarları Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşünü şərh edib.
Üçtərəfli görüş iyunun 20-si Sankt-Peterburqda keçirilib. “Atlas” Araşdırmalar Mərkəzinin rəyinə görə, 20 iyun görüşündən nəticə çıxmayıb: “Müzakirələrin nəticəsiz qalacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşdən bir neçə saat əvvəl dediyi “Sankt-Peterburq görüşünün əsas məqsədi hərbi əməliyyatların bərpasından sığortalanmaqdır” sözləri də təsdiq edirdi. Bu o demək idi ki, hazırkı mərhələdə Kreml sahibinin məqsədi münaqişəni həll etmək yox, atəşkəsin ömrünü uzatmaqdır. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur.
Rusiya prezidenti Sankt-Peterburqda ilk olaraq erməni həmkarı Serj Sərkisyanla görüşdü. Sərkisyan görüşdə bildirdi ki, Ermənistan əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi, yəni atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması istiqamətində irəli addım atılmasını çox istəyir, bu, danışıqların aparılması üçün işgüzar mühit yaradardı. Yəni Putin kimi Sərkisyan da Sankt-Peterburqda yalnız atəşkəsin ömrünün uzanmasından danışmağa hazır idi. Bu mənada Kremllə İrəvanı ancaq bir sual düşündürür: necə edək ki, atəşkəs daimi olsun və Azərbaycan cəbhə bölgəsində hərbi gücünü nümayiş etdirməsin?
Azərbaycan prezidenti İlham Əliyev Putinlə görüşdə problemin əsas məğzini belə ifadə etdi: “Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər. Biz bu bəyanatları tam dəstəkləyirik. Ancaq status-kvonun dəyişməsi üçün Azərbaycanın 20 ildən artıqdır işğal altında olan əraziləri azad edilməlidir”.
İlham Əliyev Sərkisyandan fərqli olaraq “atəşkəsin uzanması” və ya “insidentlərin araşdırılması” kəlmələrini işlətmədi. Yəni prezidentlərin keçmiş görüşlərində olduğu kimi Sankt-Peterburqda da mövqeləri bir-birindən 180 dərəcə fərqlənirdi.
Üç prezidentin birgə görüşündən də real nəticə çıxmadı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı isə göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür. Bir neçə cümlədən ibarət birgə bəyanat məna yükü az olan ifadələrdən ibarətdir. Sadəcə, “dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər” cümləsinin sonuncu hissəsi diqqəti çəkir.
Görəsən, o hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib? Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”. 2014-cü ildə prezidentlərin Paris görüşündə də “bir sıra məsələlər” razılaşdırılmışdı. Ancaq Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi, Azərbaycan hərbçiləri işğalçı qüvvələrin helikopterini vurdu. Bununla da Paris “razılaşmalarının” üstündən xətt çəkildi.
Buna baxmayaraq prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri nikbin açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.
“Əlavə dinamika” kəlməsinin heç bir mənası yoxdur. Keçmiş illərdə prezidentlərin görüşlərindəki ortaq bəyanatlarda bundan da güclü ifadələr işlənib. Sonrası bəllidir. Lavrovun ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Aydındır ki, Azərbaycan rəsmiləri Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə “müzakirələr konstruktiv keçmədi” ifadəsini işlətməzdilər. Əslində bütün görüşlər “konstuktiv” qiymətləndirilir. Ancaq ortada nəticə yoxdur.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın “görüş uğurlu keçdi” kimi eyni açıqlama vermələri əslində ziddiyyətdən xəbər verir. Görüş hər iki tərəf üçün uğurlu keçə bilməzdi. Çünki münaqişənin həllinə baxışda Azərbaycanla Ermənistanın mövqeyi 180 dərəcə fərqlidir və bu fərq Sankt-Peterburqda ortadan qaldırılmadı.
Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa İttifaqı Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırkı sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı əsas açar dövlət hesab edir. Ancaq bu o deməkdirmi ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdır?
Vladimir Putin hakimiyyətdə olduğu 16 ildə (4 illik baş nazirliyi dövrü də prezidentlikdən fərqlənmədi) ölkə xaricində heç bir problemin həllində müsbət rol oynamadı, əksinə, onun siyasəti yaxın və uzaq ölkələrə yeni problemlərə yol açdı. Hazırda Rusiyanın ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətləri ən soyuq dövrünü yaşayır. Bu illərdə Abxaziya və Cənubi Osetiya zorla Gürcüstandan qopardıldı (yenə Putinin baş nazirliyi dövrünə təsadüf etsə də, keçmiş prezident Dmitri Medvedyev onsuz addım ata bilmirdi), daha sonra Krım ilhaq olundu, Donbas da faktiki Ukraynadan qopardıldı. Bütün bu neqativ nümunələr var ikən hakimiyyətdə olduğu dövrdə Putinin ilk dəfə özünü pozitiv nəticəyə kökləyəcəyini, işğal altındakı torpaqlarımızı Ermənistandan alıb Azərbaycana qaytaracağını gözləmək problematikdir.
Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək, sözü yerə salınmış kimi görünəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi.
Sankt-Peterburqda heç bir hüquqi sənəd imzalanmayıb. Yəni Azərbaycan üzərinə hansısa hüquqi öhdəlik götürməyib. Rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcəklər. Rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 20 iyun görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.
Bəyanata görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.
1988-ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.