Qarabağdakı işğal zonasında, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində beynəlxalq müşahidəçilərin sayı artırılacaq. İyunun 20-si Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşən dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan belə razılıq əldə ediblər.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair birgə bəyanatında qeyd olunur ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.
Transparency.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə nail olmağa yönəlmiş Vyana razılaşmalarına sadiq qalırlar. Təmas xəttində son vaxtlar müşahidə olunan sakitlikdən məmnunluqlarını ifadə edən Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini irəlilətməyə əlverişli mühit yaratmaq üçün münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmağa şərtləşiblər.
Üçtərəfli görüşün yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa) da qatılıb.
Serj Sərkisyan sonradan onlarla, o cümlədən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə ayrıca görüş keçirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-ya deyib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəkildə keçirilib: “Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü müsbət qiymətləndirib. O, Sankt-Peterburqda jurnalistlərə deyib ki, görüş çox faydalı olub və konstruktiv atmosferdə keçirilib. Nazir həm prezidentlər, həm də XİN rəhbərləri səviyyəsində görüşlərin davam edəcəyini vurğulayıb.
Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı iyunun 20-də 53-ə çatıb. Bunun 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.
1988-ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.