Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq səfərindən ilk məlumat var. İlham Əliyevlə Serj Sərkisyan iyunun 20-si Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinin vasitəçiliyi ilə görüşəcək.
Novator.az-ın məlumatına görə, Vladimir Putin əvvəlcə Serj Sərkisyanla bir araya gəlib. Ermənistan prezidenti rusiyalı həmkarına deyib ki, Yerevanın Qarabağ məsələsində mövqeyi hər kəsə bəllidir: “Biz bu məsələnin yalnız dinc yolla həll olunmasını istəyirik. Ona görə də mən Sizə, Minsk qrupunun həmsədr ölkələrinə məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm.
Bu cür münaqişələr bir tərəfin istəyi ilə həll olunmur. Bu gün əvvəllər əldə etdiyimiz razılaşmaların həyata keçirilməsi, yəni atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması istiqamətində irəli addım atılmasını çox istərdik, buna şad olardıq. Çünki bu, danışıqların aparılması üçün işgüzar mühit yaradardı”.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.