İyunun 20-də Rusiyaya işgüzar səfər edən prezident İlham Əliyev Sankt-Peterburqda həmkarı Vladimir Putinlə görüşüb.
Novator.az-ın məlumatına görə, İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsində indiki vəziyyəti aradan qaldırmaq zəruridir, bunun üçünsə Ermənistan qoşunları bölgədən çıxarılmalıdır: “Münaqişə çox uzanıb. Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər. Biz bu bəyanatları tam dəstəkləyirik. Ancaq status-kvonun dəyişməsi üçün Azərbaycanın 20 ildən artıqdır işğal altında olan əraziləri azad edilməlidir”.
İlham Əliyev qeyd edib ki, iki ildir tıxanmış danışıqlar prosesində konstruktiv dinamikanın olacağına ümid edir. O, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünü təşkil etdiyinə görə Vladimir Putinə təşəkkürünü çatdırıb.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan iyunun 20-si Vladimir Putinin vasitəçiliyi ilə bir araya gələcək.
Vladimir Putin İlham Əliyevdən əvvəl Serj Sərkisyanı qəbul edib.
1988-ci ildə başlayan yeni Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bütün cənub-qərbini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı 52-dir. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir. Sonuncu görüş mayın 16-da olub.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Görüş ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.