İyunun 17-nə keçən gecə ölkədən çıxışına imkan verilməyən REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli həmin gün günorta saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Novator.az-ın məlumatına görə, Erkin Qədirli Facebook şəbəkəsində yazıb ki, idarədə onunla nəzakətlə davranıblar və baş vermiş hadisəyə görə ondan üzr istəyiblər. Deyiblər ki, onun ölkədən çıxmasına qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib: “REAL-ın flayerləri ilə bağlı mənə, Altay Göyüşova, Natiq Cəfərliyə, Azər Qasımlıya və Xalid Bağırova belə qadağa qoyulmuşdu.
Bakı Şəhər Baş Polis İdarəsində mənimlə görüşən cinayət axtarışı şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi mənə yeni biletin veriləcəyi deyildi”.
İyunun 17-si gecə reysi ilə Türkiyəyə getmək istəyən Erkin Qədirli Bakı hava limanından geri qaytarılıb. Uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçsə də, pasportuna çıxışa icazə verən möhür vurulsa da, sərhədi keçdiyi anda onu dayandırıblar. Deyiblər ki, möhür yanlış vurulub, ölkədən çıxmasına qadağa var. Bundan sonra Erkin Qədirlinin pasportunda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” sözləri yazılmış möhür vurulub və o, Bakı aeroportundan geri qaytarılıb.
Erkin Qədirli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmamışdan qabaq Facebook səhifəsində yazmışdı ki, qadağanın REAL-a məxsus flayerlərlə bağlı olduğunu güman edir. Həmin flayerləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları iyunun 11-12-də “Qanun” Nəşrlər Evindən müsadirə ediblər.
Flayerlərlə bağlı “Qanun” nəşriyyatı ilə sifariş müqaviləsini imzalayanlardan biri Erkin Qədirli olub.
REAL sözügedən flayerlərlə 1 milyon insanı İlqar Məmmədovun həyat yolu və həbsi barədə məlumatlandırmaq istəyirmiş.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2016-cı il iyunun 17-də İlqar Məmmədovun 46 yaşı tamam olub.