Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Odlar Yurdu Universitetində keçirib. Tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda ixtisaslarına olan tələbat barədə ətraflı məlumat verilib. İşəgötürənlərlə ilkin əlaqələr quran tələbə və məzunlar öz ixtisas, bilik və bacarıqları, şəxsi keyfiyyətləri barədə məlumatlarını (CV) təqdim ediblər.
Rəsmi məlumata görə, 8-i dövlət, 48-i özəl sektora aid ümumilikdə 56 müəssisə 267 boş (vakant) iş yerini tədbir iştirakçılarına təqdim edib. Vakant iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslər əlavə təhsil kurslarına cəlb olunub. Bakı Əmək Birjasının da təmsil olunduğu tədbirdə müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb.
Bildirilib ki, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib. Bu ilin ötən dövründə Bakı, Sumqayıt, Gəncə şəhərlərində yerləşən 6 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.