Maliyyə Nazirliyi xarici dövlət borcu barədə məlumat açıqlayıb. Qeyd olunur ki, 1 aprel 2016-cı ilə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmindədir. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 21 faizdir.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, 17,7%-i beynəlxalq maliyyə bazarlarından qiymətli kağızlar vasitəsilə cəlb olunub.