İyunun 10-da Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Aktobe şəhərində keçirilən xüsusi əməliyyatda 5 yaraqlını məhv edib. Şəhərdəki yaşayış binalarından birinin mənzilinə sığınmış yaraqlılar güc strukturlarının təslim olmaq tələbinə atəşlə cavab veriblər. Bundan sonra başlayan əməliyyatda 4 yaraqlı öldürülüb.
Əməliyyat keçirildiyi zaman digər bir yaraqlı patrul maşınını atəşə tutub və polisin açdığı cavab atəşi ilə öldürülüb. Bu hadisə nəticəsində 2 polis əməkdaşının yaralandığı bildirilir.
Xəbəri AZƏRTAC yayıb.
İyunun 5-də Aktobe şəhərində naməlum silahlı qruplar iki silah mağazasına və hərbi hissəyə hücum etmiş, üç mülki şəxs və üç hərbçi həyatını itirmişdi. Hücumda iştirak edən yaraqlılardan 13-ü öldürülmüş, 6-sı isə hadisə yerindən uzaqlaşmağa nail olmuşdu.
Olayın ardınca Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhd göstərən qrupun üzvlərini həbs edib. Dövlət çevrilişinə cəhd qrupuna biznesmen Toxtar Tuleşovun başçılıq etdiyi bəyan olunub. Həbs edilənlər arasında baş prokurorun sabiq birinci müavini və Konstitusiya Şurasının sabiq üzvü İlyas Baxtıbayev, Cənubi Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin sabiq rəisi general-mayor Xibratulla Doskaliyev, həmin departamentin rəisinin sabiq birinci müavini polkovnik Saken Aytbekov, Müdafiə Nazirliyinin hərbi hissələrinin komandirləri, polkovniklər Beksat Jumin və Kayrat Bernebayev tutulublar.
İstintaq iddia edir ki, Toxtar Tuleşov hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb. Toxtar Tuleşov bu ilin yanvarında tutulub. Biznesmenə narkotik ittihamı və cinayətkar qrupu maliyyələşdirmək ittihamı irəli sürülüb
İyunun 8-i Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində ölkədə “rəngli inqilab”ların əlamətlərinin olduğunu bildirib: “Hamımız bilirik ki, “rəngli inqilab”ların müxtəlif metodları var və onlar süni mitinqlərdən, qətllərdən, hakimiyyəti ələ keçirmək cəhdlərindən başlanır. Bu əlamətlər bizdə də özünü göstərdi. Bəziləri dövlət siyasətinin və qanunlarımızın liberallığından sui-istifadə edib hakimiyyətin möhkəmliyini yoxlamaq istədilər”.
Nursultan Nazarbayev ekstremistlərin və terrorçuların məhv edilməsi üçün hakimiyyətin ən sərt tədbirlərə əl atacağını vurğulayıb: “Aktobedə hücumları həyata keçirən cinayətkarlar göstərişi xaricdən alıblar. Əldə etdiyimiz məlumata görə, terror aktını radikal, saxta dini cərəyanların tərəfdarları təşkil edib və onlar xaricdən təlimatlandırılıblar”.