Prezident İlham Əliyevin 11 aprel 2016-cı il fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev AZƏRTAC-ın suallarını cavablandırıb.
– Mənzil İnşaatı Dövlət Agentliyi yeni qurumdur. Onun yaradılmasından əsas məqsəd nədir?
– Agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının və digər obyektlərin tikintisini təşkil edərək Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaqdan, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdən ibarətdir.
– Agentliyin fəaliyyətinin təşkil edilməsi istiqamətində hansı işlər görülüb?
– İlk növbədə agentliyin daxili strukturu təsdiq edilib, yeni ştat cədvəlinə uyğun olaraq işçi heyətinin formalaşdırılması həyata keçirilib. Eyni zamanda inzibati binanın ayrılması prosesi tam başa çatanacan agentliyin Səbail rayonu, Sabir küçəsi, 3 ünvanında müvəqqəti yerləşdirilməsi təmin edilib.
Bununla yanaşı agentliyin nəzdində fəaliyyət göstərən və güzəştli mənzil tikintisinin sifarişçisi olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətə direktor təyin edilib, həmin qurumun strukturunun formalaşdırılmasına və işinin təşkil olunmasına başlanılıb.
– Agentliyin fəaliyyətinin əsas istiqaməti üzrə, yəni vətəndaşlar üçün əlyetərli mənzillərin tikintisi sahəsində işlərə başlanıbmı?
– Bəli. Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və sair) ilkin qiymətləndirilməsi həyata keçirilib. Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.
Torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi “MİDA” MMC-nin sərəncamına verildikdən sonra dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanacaq.
– Tikiləcək mənzilləri hansı sosial qrupların əldə etməsi nəzərdə tutulur və onlar üçün bu mənzillərin əlyetərliliyi necə təmin ediləcək?
– Son illərdə ölkənin yüksək iqtisadi artım templəri tikinti sektorunun inkişafına güclü təkan verib. Özəl şirkətlər çoxmənzilli binaların tikintisini həyata keçirib, bu da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfəsini verib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir. İlk növbədə agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri, ekonom klass kateqoriyasına uyğun olaraq çox böyük olmayacaq. Eyni zamanda bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Bina fasadlarının dizaynına isə xüsusi diqqət yetiriləcək.
Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır. Bu gün bəzi ekspertlər güzəştli mənzillərin satış şərtləri və qiymətləri ilə bağlı müəyyən fikirlər söyləyirlər. Lakin qeyd etmək istəyirəm ki, bunların səsləndirilməsi yalnız bütün texniki və iqtisadi göstəricilər üzrə hesablamalar başa çatdıqdan sonra mümkün olacaq.