Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Sərhəd Xidmətinin əsasnaməsində dəyişikliklər edib. Transparency.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin vəzifələri sırasına yeni bənd əlavə edilib. Yeniliyə əsasən, qurum narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görməlidir.
Əsasnaməyə başqa bir əlavə Dövlət Sərhəd Xidmətinin hüquqlarının genişləndirilməsini nəzərdə tutur. İndən belə qurumun şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin etmək hüququ var.