Bu il noyabrın 8-i ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki əsas iddiaçı var: Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından Hillari Klinton. Onlar ştatlardakı ilkin seçki yarışlarından qalib çıxıblar. Namizədliklə bağlı yekun qərarlar qurultaylarda veriləcək. Respublikaçıların qurultayı gələn ay Klivlenddə, demokratların qurultayı Filadelfiyada keçiriləcək.
Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.
Hillari Klinton 1947-ci il oktyabrın 26-da Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.
Kimin seçilməsi ABŞ-a, dünyaya, o cümlədən Azərbaycana daha sərfəlidir? Donald Trampın, ya Hillari Klintonun? Transparency.az bu sualla siyasətçilərə və jurnalistlərə müraciət edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Hillari Klintonun seçilmə şansını yüksək qiymətləndirir: “Qalmaqallı açıqlamaları Donald Trampı bəzi təbəqələr arasında məşhurlaşdırsa da, onun prezident olmaq şansı yüksək deyil. Amerikanın, o cümlədən dünyanın, bizim regionun, Azərbaycanın maraqları üçün ciddi siyasi təcrübəyə malik, sabiq dövlət katibi kimi bütün dünyanı tanıyan Hillari Klinton daha uyğun namizəddir”.
Siyasi icmalçı Azər Rəşidoğlu isə namizədlər arasında heç bir fərq görmür: “ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq mövcud doktrina dəyişməz qalacaq. Birləşmiş Ştatlar dünyanın tək gücüdür, onunla uğursuz rəqabət aparan Rusiya, Çinin dünya siyasətinə önəmli təsir imkanları yoxdur. Fikrimcə, ABŞ-ın yeni prezidenti Hillari Klinton olacaq və bununla da ölkə Avrasiya bölgəsində öz təsirini bərqərar edəcək.
Hətta Donald Tramp seçilsə belə, Azərbaycana və dünyaya münasibət kəskin dəyişə bilməz. ABŞ demokratiya mərkəzidir. Vaxtilə bu ölkədə qaradərili insanların hüququ yox idi. İndi isə qaradərili prezident iki dəfə ardıcıl Ağ evin sahibi oldu. Növbəti mərhələdə qadın, daha sonra hansısa azlığın nümayəndəsi prezident seçilə bilər. Azad cəmiyyət olan ABŞ dünyaya yeni paradiqmalar gətirir”.
Jurnalist Xalid Kazımlı Hillari Klintonu daha sərfəli seçim hesab edir: “Onun ən azı necə işləyəcəyini, hansı prinsipləri əsas götürəcəyini bilmək mümkündür. Donald Tramp ekstravaqant, avantürist, qaranlıq adamdır. O, ABŞ prezidenti seçilərsə, dünyanın düzəni pozulacaq. Düzdür, ABŞ-da prezident seçilənlər seçkiqabağı təşviqat kampaniyasındakından xeyli fərqli olurlar, vədləri ilə hərəkətləri üst-üstə düşmür, amma yenə də Tramp təhlükə vəd edən siyasi fiqurdur. Fikrimcə, Hillari Klinton cüzi səs üstünlüyü ilə seçilərək tarixə ABŞ-ın ilk qadın prezidenti kimi düşəcək”.
Respublikaçı Alternativ Hərəkatının liderlərindən olan politoloq Azər Qasımlı bildirir ki, 2016-ci ilin seçkisi öz fərqli namizədləri ilə maraqlı görünür: “Seçkidə Amerikada formalaşmış siyasi-iqtisadi sistemdə müəyyən islahatların aparılması, transformasiyaların olması təklifləri verən, fikir söyləyən, tamamilə fərqli dünyagörüşünə malik şəxsiyyətlər iştirak edir. Demokrat Berni Sanderslə respublikaçı Donald Trampın namizəd kimi müəyyən uğur qazanmaları, Hillari Klintona ciddi şəkildə rəqib çıxmaları islahatlara ehtiyacdan xəbər verir.
Sanders daha çox sosial demokrat kimi göründü, daha çox sol düşüncəyə malikdir, Amerikanın xarici, iqtisadi siyasətinin dəyişməsinə tərəfdar çıxır. Donald Tramp isə populist çıxışları, müsəlmanlara münasibəti ilə yadda qaldı. O, bütün dünya, o cümlədən Amerika üçün qara qutudur, kim olduğunu heç kəs bilmir.
Hillari Klinton seçilsə, ehtimal ki, çox şey dəyişməyəcək, Barak Obamanın siyasəti davam etdiriləcək. Hər halda o, daha şanslı görünür, Amerika tarixinə ilk xanım prezident kimi düşə bilər. Ehtimal ki, qadınların, gənclərin böyük əksəriyyəti ona səs verəcək. Demokrat elita Klintonu dəstəkləyəcək, bəs respublikaçı elita Trampa dəstək verəcəkmi, bu, sualdır. Hər şey seçki kampaniyası və debatlarda kimin üstün olacağından asılıdır”.
Transparency.az bildirir ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.
Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Məsələn, Kaliforniya ştatını Seçicilər Kollegiyasında 55 seçici, Texası 38, Nyu-York və Floridanın hər birini 29 seçici təmsil edir. Bir çox ştatın, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin cəmi 3 səsi var.
Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.