Türkiyədə kürd separatçıları ilə mübarizə fonunda terror hadisələri çoxalıb. Ölkənin bir çox dövlətlə (Rusiya, ərəb ölkələri, Qərb dövlətləri) münasibətləri gərgindir. Türkiyədə sosial-iqtisadi durum da problemlərsiz deyil.
Türkiyənin Karabük Universitetinin dosenti, azərbaycanlı siyasi analitik Ələskər Ələskərli Transparency.az-ın bu yöndə suallarını cavablandırıb: “Türkiyədəki mövcud durumu 1990-cı illərlə müqayisə edirlər. O vaxt da terror hadisələri həddindən artıq intensiv hal almışdı. Lakin indi terrorun qidalandığı mənbələrin sayı artıb və ölkənin təhlükəsizliyini təhdid edən ünsürlər daha da çoxalıb. Türkiyə ilə qonşu dövlət olan Suriyadakı durum, İŞİD faktoru da vəziyyəti ağırlaşdıran hallardır. Yəni Türkiyənin terrora qarşı mübarizəsi sadəcə PKK ilə məhdudlaşmır. Çox sayda daxili və xarici faktorların bir- birinə qarışdığı mürəkkəb vəziyyət yaranıb və bu, terror təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradır.
Bugünkü terror çox fərqlidir. Ona qarşı mübarizə siyasəti də bu fərqləri diqqətə alaraq aparılmalıdır. Türkiyə güclü dövlətdir, bu problemlərin öhdəsindən gələcəyinə inanıram”.
Türkiyənin Rusiya ilə və digər ölkələrlə münasibətlərinə toxunan siyasi analitik qeyd edib ki, tarixi keçmiş unudulmamalıdır: “Hətta Sovet İttifaqı dağıldıqdan sonra da Türkiyə və Rusiya arasında hər zaman açıq və gizli rəqabət yaşanıb. İqtisadi sahədə yaxınlaşma olsa da, siyasi gərilmələr vaxtaşırı sezilib, Orta Asiya, Qafqaz, Balkan coğrafiyası ilə bağlı mənafelər tez-tez toqquşub. İndi Orta və Yaxın Şərq də bura əlavə edilib. Ona görə də Türkiyə və Rusiya arasındakı münasibətlər hər zaman məsafəli və kövrək qalacaq. Qərbin siyasəti isə terror, Suriyadakı vəziyyət, humanitar fəlakətlərlə bağlı həddindən artıq eqoistləşib, hətta riyakarcasına eqoistləşib”.
Hazırda Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biri ölkənin prezident idarə üsuluna keçməsi təklifidir. Dövlət başçısı Rəcəb Teyyub Ərdoğan necə bir prezidentlik idarəçiliyi istəyir? Bu sistemə keçid Türkiyəyə nə verə bilər?
Transparency.az-ın bu sualları ətrafında danışan Ələskər Ələskərli deyib ki, prezident idarə üsuluna keçid prosesi başlasa da, layihənin detalları, necə nəticələnəcəyi haqda heç bir təsəvvür yoxdur: “Müxalifət prezident idarə üsuluna keçid təkliflərinə sərt şəkildə etiraz edir. Konstitusiyanı dəyişmək, yeni idarəetmə forması yaratmaq yox, demokratik təsisatları gücləndirmək, hüquqi mexanizmləri daha effektiv işlətmək təklifləri səslənir.
Türkiyədəki dəyişiklik üçün bildiyim arqument güclü və operativ idarəetmə sisteminin qurulması zərurətidir. Necə bir prezidentlik idarəçiliyi olacağına gəlincə, demokratiya hökumət sistemlərinin necə adlandırılması ilə bağlı deyil. Dünyanın bir çox ölkəsində ABŞ-dakı kimi prezident üsul idarəsi var. Amma hamısı Amerika demokratiyası kimi rejim təsis edə bilibmi? Yaxud əksinə baxsaq, bütün parlamentar sistemlər demokratikdirmi? Fikrimcə, Türkiyədə idarəetmə rejimini dəyişməkdən çox onun necə effektiv işləyəcəyi haqda düşünmək lazımdır”.