İqtisadçı Rövşən Ağayev Trans-Anadolu qaz kəmərinə (TANAP) çəkilən xərclərdən və layihənin mümkün gəlirlərindən yazıb.
2018-ci ildə istismara verilməsi planlaşdırılan Trans-Anadolu qaz kəməri ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin tutumunun 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması gözlənir.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz boru kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən Trans-Adriatik (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
Transparency.az-ın məlumatına görə, qarşıdakı 3-4 ilə Azərbaycanın TANAP layihəsinə 10 milyard dollara yaxın sərmayə qoyacağını deyən ekspert Rövşən Ağayev layihənin gəlirləri haqda nikbin proqnoz verməyib: “Sərmayənin ən azı 7-8 milyard dolları xarici borc hesabına qoyulacaq. Bu, Azərbaycanın indiki xarici borcuna bərabər məbləğdir. Bəs yaxın 10-15 ildə qaz gəlirləri neftdən itirdiyimiz gəlirlərin hansı hissəsini kompensasiya edə biləcək? Azərbaycan hökuməti qiymətlərin ən pik dövründə mənfəət neftindən 1 ildə 16 milyard dollar qazanıb. Hazırkı qiymətlərlə bu məbləğ 7 milyard dollar ətrafındadır. Əgər qiymətlər indiki səviyyədə qalsa, hasilatın azalması nəticəsində 2020-ci ildən sonra mənfəət neftindən illik gəlir maksimum 3-4 milyard dollar ola bilər. İndiki qiymətlər və proqnoz edilən hasilat əsasında qiymətləndirdikdə pik dövrdə mənfəət qazından hökumətin illik qazancının 2-2,5 milyard dollar intervalında dəyişməsi mümkündür.
Dünya qaz bazarında çox sərt rəqabət dövrü gəlir. Maye qazın əsas alıcısı Cənubi Koreya və Yaponiya yanacaq istehlakını azaltdığına görə ekspertlər sürətlə artan maye qaz həcminin təklif artıqlığı yaradacağını proqnoz edir. Məsələn, Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, 2021-ci ilədək dünyada sıxılmış qazın istehsal həcmi 45% artacaq. Bir tərəfdən nəhəng qaz istehlakçılarının alternativ enerjidən istifadəsi nəticəsində tələbatda azalma yaranıb, o biri tərəfdən isə istehsalda az qala 50% artım baş verir. Oxşar mənzərəni son 2 ildə slans neftinin bazarda yaratdığı durumda görürük”.
Ekspert əlavə edib ki, Polşa ölkədə tikilən nəhəng maye qaz terminalı səbəbindən Rusiyanın “Qazprom” şirkəti ilə müqaviləni uzatmaq niyyətində deyil: “Öz növbəsində Avstraliyanın 2021-ci ilədək maye qaz istehsalında Qətəri geridə buraxıb dünya lideri olacağı real görünür. Azərbaycan hakimiyyəti bəyanat versə də, neft və qazı unuda bilmədi, bütün potensialını, strategiyasını yenə bu sektor üzərində qurdu. Bu layihələri davam etdirmək lazımdır. Amma qoyulan sərmayələrin həcmi, aparılan islahatların miqyası və əməliliyi ilə hökumət nümayiş etdirməli idi ki, qeyri-neft sektorunun inkişafı onun üçün birincidir. Belə olmadı. Bəyanatlarda qeyri-neft sektorunun, əməli fəaliyyətdə neft-qaz sektorunun inkişafı prioritetdir”.