İyunun 9-da Demokratik Qüvvələrin Milli Şurası xalqa müraciət edib. Azadliq.info-nun məlumatına görə, müraciətdə deyilir: “Ölkəmiz ağır sosial, iqtisadi, mənəvi problemlər altında olsa da, hökumətin Azərbaycan xalqı, xüsusən də onun əqidəli, yüksək təhsilli, ölkəyə müsbət dəyişiklik gətirmək istəyən kəsimi ilə savaşı davam edir. Son bir neçə ildə yüzlərlə şəxs siyasi sifarişlərlə haqsız və qanunsuz həbs edilib. Çox yaxşı haldır ki, Milli Şura olaraq bizim, ölkədəki prinsipial qüvvələrin, vətəndaş cəmiyyətinin, dəyişiklik istəyən vətəndaşlarımızın apardığı mübarizə, göstərdiyi müqavimət və beynəlxalq təşkilatların dəstəyi nəticəsində son zamanlar 17-18 nəfər tanınmış siyasi məhbus azad edilib. Bununla belə, son həbslərlə birlikdə yenə də ölkədə 100 nəfərə yaxın siyasi məhbus var. Hakimiyyətin xüsusən Xalq Cəbhəsinin, “Nida” Vətəndaş Hərəkatının üzvlərindən, inanclı kəsimin nümayəndələrindən, bir neçə bloqçudan ibarət siyasi məhbuslara, eləcə də tanınmış ictimai-siyasi xadimlərin qohumları olduqları üçün həbs edilmiş siyasi girovlara anlaşılmaz, sərt, kinli münasibəti təəssüf doğurur və ölkədə vətəndaş qarşıdurmasını körükləyən faktorlardan biri kimi qiymətləndirilir”.
Ölkədəki sosial-iqtisadi problemlərə toxunan Milli Şura qeyd edir ki, bir il ərzində iki dəfə devalvasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib: “Yüz minlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb. Azərbaycan iqtidarı isə sosial-iqtisadi problemlərin köklü həlli üçün real addımlar atmaq əvəzinə çoxsaylı bir-birinə zidd, biri digərini təkrar edən gərəksiz fərman və sərəncamlarla islahat görüntüsü yaratmağa çalışır. Buna paralel olaraq da ölkə sürətlə böyük borclanmaya sürüklənir. Bütün beynəlxalq qurumlardan israrla kredit istənilir, ölkənin xarici borcları artırılır. Biz Milli Şura adından hökuməti məsuliyyətli olmağa, sosial-iqtisadi problemlərin həlli imitasiyasından əl çəkib, real tədbirlər üçün elementar vəzifələrini yerinə yetirməyə çağırırıq.
Bakının mərkəzində aparılan söküntülər zamanı tarixi binaların dağıdılması da bizi ciddi narahat edən haldır. “Sovetski” adlanan məhəllədə köhnə yaşayış evləri ilə yanaşı 70-dən artıq tarixi abidə də sökülən binaların siyahısına salınıb. Dünyada hətta zəruri köçürmələr zamanı da tarixi binaları qorumağın çoxlu üsulları və nümunələri var. Təəssüf ki, Azərbaycan hökuməti “Sovetski”də bu üsul və nümunələrin heç birindən yararlanmadan şəxsi mənfəət və şöhrətpərəstlik motivləri ilə ucdantutma, binaların tarixi memarlıq əhəmiyyətini nəzərə almadan söküntü işi aparır. Biz bunu tarixi irsimizə hörmətsizlik kimi qiymətləndirir və bağışlanmaz səhv hesab edirik. Hökuməti ərazidə hələ salamat qalmış, yaxud tam dağıdılmamış tarixi binaları sökmək planından imtina etməyə, onların qorunması və bərpası üçün zəruri addımlar atmağa çağırırıq”.
Müraciətdə aprel döyüşlərinin işğalçı üzərində əhəmiyyətli üstünlük qazanılmadan dayandırılmasına da etiraz bildirilir: “Biz hakimiyyəti ən azı milli təhlükəsizliklə bağlı məsələlərdə məsuliyyətli olmağa, hansısa kənar güclərin maraq və istəklərindən deyil, az xalqının mənafeyindən çıxış etməyə çağırırıq”.
Müraciətdə qeyd olunur ki, problemlərin köklü həlli xalqın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir: “Milli Şura olaraq bəyan edirik ki, xalqımız bu ünvanda təşkilatlanıb səfərbər olunacağı təqdirdə onun maraqlarına uyğun dəyişikliklərin həyata keçirilməsi üçün gərəkli hər cür fədakar addımı atmağa hazırıq. Bir daha xalqımızı siyasi fəallıq nümayiş etdirməyə, Milli Şura ətrafında təşkilatlanamağa və taleyinə sahib çıxmağa çağırırıq”.
Milli Şura 2013-cü ilin iyun ayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, hüquqşünas Qurban Məmmədov və başqalarıdır.