1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırdı. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələndi: baş nazir Pənah Hüseyn, parlamentin sədri İsa Qəmbər istefa verdilər, Heydər Əliyev Ali Sovetin sədri seçildi, ardınca prezident Əbülfəz Elçibəy Bakını tərk etdi.
İyun hadisələrində ən əsas məqamlardan biri Milli Məclisin Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərarıdır. Həmin qərarın ardınca keçirilmiş referendumda (29 avqust 1993-cü il) Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi qətiləşib.
Transparency.az/cnews Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum etmiş qərarı oxucuların diqqətinə çatdırır.
Azərbaycan Respublikasının prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.
Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur”.
Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilmir.
Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsi ilə quraraq Azərbaycan Respublikasının prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.
Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.
Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini – müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.
Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.
Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.
Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.
2. Azərbaycan Respublikası prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin.
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
Afiyəddin Cəlilov
Bakı şəhəri, 24 iyun 1993-cü il