“Azərbaycan ona qarşı həyata keçirilən təcavüzün nəticələri ilə heç vaxt barışmayacaq”. Rusiyadakı səfir Polad Bülbüloğlu “Moskovski Komsomolets” qəzetinə müsahibəsində belə deyib.
AZƏRTAC-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar suala cavab verən diplomat deyib: “Ermənistan başqa dövlətin ərazisini işğal edib və indi dünyaya izah etməyə çalışır ki, belə də olmalıdır. Amma bu absurddur! Azərbaycan, onun ərazisinin işğalı, özgə ərazisini qanunsuz işğal edən təcavüzkar var. Azərbaycan ona qarşı həyata keçirilən təcavüzün nəticələri ilə heç vaxt barışmayacaq. Özünümüdafiə BMT-nin nizamnaməsinə uyğun olaraq hər bir ölkənin hüququdur. Bu, qədim dövrlərdən indiyə qədər hər bir xalqın müqəddəs borcudur.
Azərbaycan vətəndaşı kimi, əslən Qarabağdan olan, Şuşada ata-baba evi indi işğal altında olan bir insan kimi dəfələrlə demişəm və indi də deyirəm ki, vətənimin torpaqlarını işğalçılardan azad etmək üçün Vətən müharibəsində şəxsən iştirak etməyə hazıram. Lakin bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu, o cümlədən hərbi quruculuq sahəsində əldə edilən müvəffəqiyyət sayəsində silahlı qüvvələrimizin potensialı kifayət qədər çoxdur və aprel hadisələri zamanı Müdafiə Nazirliyi könüllülərin orduya cəlb edilməsinə ehtiyac olmadığını bildirib”.
Polad Bülbüloğlunun sözlərinə görə, münaqişənin həllində real irəliləyiş tərəflər arasında razılaşdırılmış qrafik üzrə erməni işğalçı qüvvələrinin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpasının həyata keçirilməsi ilə başlamalıdır: “Qısa müddətdə məhz bu nəticənin əldə edilməsinə ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən təşkilatın səhra missiyaları yardım etməlidirlər. Sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərinin yaradılmasına cəhd göstərilməsi səmərəsizdir. Azərbaycan belə bir yanaşmaya razılıq verməyəcək, çünki o, həm ölkəmizin maraqları, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Regionun müharibənin nəticələrinin uzun müddət saxlanılmasına və işğal vəziyyətinin konservasiyasına deyil, sülhə ehtiyacı var. Birgə səyləri məhz bu istiqamətə yönəltmək lazımdır”.