Prezident İlham Əliyevin Almaniyaya iyunun 6-da başlayan işgüzar səfəri başa çatıb. Paytaxt Berlinin Tegel hava limanından dövlət başçısı fəxri qarovulla yola salınıb.
Səfərin ikinci günü – iyunun 7-də İlham Əliyev vitse-kansler, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriellə görüşüb. Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmin gün prezident federal kansler Angela Merkellə bir araya gəlib. Kansler Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyib, dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib.
Prezident İlham Əliyev son zamanlarda Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlərdən danışaraq ölkədə iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atıldığını bildirib. Dövlət başçısı ölkədə yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərdən danışıb.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilib, Cənub Qaz Dəhlizinin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilib.
AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlardan danışılıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev cəbhə xəttində baş verən son hadisələr və indiki vəziyyət barədə məlumat verib, bu münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə danışıb, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması prosesində rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Angela Merkel və İlham Əliyev jurnalistlərin qarşısına çıxıblar. Federal kansler görüşdə ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib. Azərbaycanda aparılan iqtisadi islahatların bu sahədə şaxələndirməyə geniş imkanlar açdığını deyən Angela Merkel Almaniyanın həmin prosesdə iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
“Azərbaycan hökuməti bir neçə əfv qərarı qəbul edib və biz bu addımı alqışlayırıq” deyən kansler Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin də aparıldığını vurğulayıb. O bildirib ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək”.
Federal kansler onu da vurğulayıb ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqələri sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı imkanlar var.
Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında fəal siyasi dialoqun mövcud olduğunu vurğulayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Almaniya əlaqələrinin uğurlu inkişafı regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
“Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi” deyən İlham Əliyev qeyd edib ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyini, beynəlxalq hüququ kobud şəkildə pozduğunu, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisini işğal etdiyinə görə Ermənistana heç bir sanksiyanın tətbiq edilmədiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə, BMT nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələr əsasında həll olunmasını istəyir.
Aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan danışan İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirildiyini, mülki obyektlərə çoxlu ziyan dəydiyini bildirib. “ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib” deyən dövlət başçısı may ayında Vyanada baş tutan görüşün əsaslı danışıqlara başlanması üçün mühüm addım olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev iki ölkə arasındakı iqtisadi əlaqələrdən danışarkən bildirib ki, Azərbaycanla ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. İki ölkə enerji sahəsində yaxşı əməkdaşlıq qurduğunu deyən dövlət başçısı bu baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb, Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin önəmindən danışıb.
“Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir” deyən İlham Əliyev ölkədə bütün azadlıqların təmin olunduğunu bildirib, Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən insanların sülh və harmoniya içərisində yaşadıqlarını xatırladıb.