İyunun 8-də prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran İlham Əliyev deyib ki, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycanla həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edən dövlət başçısı vurğulayıb ki, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var.
Prezident aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pisləndiyini qeyd edib. “Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk” deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb, onun fəsadları barədə danışıb, Ermənistanın etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söyləyib.
AZƏRTAC-ın məlumatına görə, Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər. “Bu, böyük riyakarlıqdır. Siz – Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb” deyən İlham Əliyev ölkədə məscidlərlə yanaşı kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin şəhərin mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirib, Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğulayıb: “Bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü il baxdığını təsdiq edir”.