“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun dəyişir. Layihə iyunun 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin elm və təhsil komitəsi ilə birgə iclasında müzakirə olunub.
AZƏRTAC-ın məlumatına görə, qanun layihəsini təqdim edən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indi ancaq bakalavriat pilləsində təhsil alanlara verilir: “Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək”.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.