Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə zonasında olub. İyunun 8-də yayılan rəsmi məlumata görə, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.
Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib. Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Müdafiə naziri cəbhə boyu zonada yeni istifadəyə verilən səhra hospitalının açılışını da həyata keçirib. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla tam təchiz olunub.
Hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə görüşərək şəxsi heyətə daha keyfiyyətli tibbi xidmətin gostərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.