Dünya azərbaycanlılarının IV qurultayı nümayəndələrinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti yayılıb. Müraciətdə 28 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən narahatlıq ifadə olunur. Qeyd edilir ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası qəddarcasına məhv edilir: “Təəssüf ki, beynəlxalq ictimaiyyət uzun illərdir münaqişənin aradan qaldırılması ilə bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına biganə yanaşıb, nəticədə bütün regionun inkişafına və təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha mürəkkəb xarakter alıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb olub. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə qayıda bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur.
Münaqişənin ilk mərhələsində — 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən çox azərbaycanlı deportasiya edilib. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu kütləvi deportasiya zamanı yüzlərlə dinc azərbaycanlı qətlə yetirilib, onlara aid iki mindən çox yaşayış məntəqəsindən bütün əhali zorla çıxarılıb, minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilib. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə dağıdılıb. Münaqişə başladığı dövrdən indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik xətti, 1200 kilometr irriqasiya sistemi dağıdılıb, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi tamamilə məhv edilib”.
Müraciət bu çağırışla bitir: “Biz — dünya azərbaycanlılarının IV qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməyə, problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini birləşdirməyə dəvət edirik”.
Müraciət iyunun 4-də qəbul edilib.