Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
AZƏRTAC-ın məlumatına görə, açıqlamada deyilir: “İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayırıq. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.
Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”.
İyunun 7-si səhər Türkiyənin İstanbul şəhərinin mərkəzində partlayış törədilib. Partlayış xüsusi təyinatlı polis maşını Bəyazit rayonunun Veznecilər dayanacağı yaxınlığından keçəndə baş verib. Partlayış minalanmış avtomobillə törədilib. Həmin avtomobili terrorçular dayanacaqda saxlayıbmışlar. Nəticədə 11 nəfər həlak olub, 36 nəfər yaralanıb. Ölənlərin 7-si polis əməkdaşı, 4-ü mülki şəxsdir. Yaralıların 3-nün vəziyyəti ağırdır.