Hüquqşünas Namizəd Səfərov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işinin açıldığı haqda məlumat yayıb. O, iyunun 7-də “Facebook” səhifəsində yazır ki, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi açılıb, yeni işlə əlaqədar sabiq nazir saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cinayət Məcəlləsinin 315-ci maddəsi hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə barədədir. Maddənin 1-ci hissəsinə görə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 2-ci hissəyə əsasən, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Əli İnsanovun vəkili Toğrul Babayev isə APA-ya açıqlamasında bildirib ki, yeni ittiham barədə yayılan məlumatlar yalandır: “Bir az əvvəl onunla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur”.
Əli İnsanovun 70 yaşı var. O, 1993-2005-ci illərdə səhiyyə naziri işləyib. 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulub, sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.