AZƏRTAC xəbər verir ki, iyunun 7-si Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel çıxışında Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib.
Vitse-kansler iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Ölkədə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyini deyən iqtisadiyyat və enerji naziri Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu vurğulayaraq forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.
Nazir Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib.
Forumda çıxış edən prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, iki ölkə arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir.
Son vaxtlar Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən İlham Əliyev vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlət başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib.
“Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək” deyən İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq Azərbaycan uğurla inkişaf edir: “Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub”.
Dövlət başçısı Azərbaycanın qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Prezident layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğulayıb, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırıb. Prezident bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Hazırda ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkənin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.
“Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik” deyən dövlət başçısı ölkədə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Forumda “Knauf” şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.