Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində növbəti yoxlama aparıb. Rəsmi məlumata əsasən, 15-31 may aralığını əhatə edən araşdırma zamanı hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntularına görə 101 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 33 müddətli göstəriş verilib.
Hesabatda bildirilir ki, 45 iş üzrə 59 900 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 323,9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılması və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 162 iş üzrə 50568,98 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 16, icra qurumlarına 20, məhkəmələrə isə 2 iş göndərilib.