Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhd göstərən qrupun üzvlərini həbs edib. Novator.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Komitəsinin sözçüsü Ruslan Karasev iyunun 6-da keçirdiyi brifinqdə dövlət çevrilişinə cəhd qrupuna biznesmen Toxtar Tuleşovun başçılıq etdiyini deyib. Onun sözlərinə görə, baş prokurorun sabiq birinci müavini və Konstitusiya Şurasının sabiq üzvü İlyas Baxtıbayev, Cənubi Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin sabiq rəisi general-mayor Xibratulla Doskaliyev, həmin departamentin rəisinin sabiq birinci müavini polkovnik Saken Aytbekov, Müdafiə Nazirliyinin hərbi hissələrinin komandirləri, polkovniklər Beksat Jumin və Kayrat Bernebayev tutulublar.
İstintaq iddia edir ki, Toxtar Tuleşov hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb. Toxtar Tuleşovun torpaq islahatına qarşı icazəsiz mitinqləri maliyyələşdirdiyi də bildirilir.
Toxtar Tuleşov və üç nəfər bu ilin yanvarında tutulublar. Biznesmenə narkotik ittihamı və cinayətkar qrupu maliyyələşdirmək ittihamı irəli sürülüb.
Ötən gün Qazaxıstanın Aktobe şəhərində qanlı hadisələr baş verib. İyunun 5-i yerli vaxtla saat 14:28-də bir qrup dini radikal “Pallada” silah mağazasına hücum edib. Satıcı və həyəcan siqnalına gələn özəl mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, ikincisi odlu silahdan yaralanıb. Ardınca mağazaya polis əməkdaşları özünü yetirib. Onlar silahlı müqavimətlə üzləşiblər. Atışma zamanı 3 polis əməkdaşı yaralanıb, hücumçu dəstə isə patrul maşınını ələ keçirib.
“Pallada” mağazasından 17 ədəd odlu silahın, 3 ədəd qaz tapançasının, patron və bıçaqların oğurlandığı bildirilir.
Mağazanı yardıqdan sonra dəstə iki qrupa bölünüb. Altı nəfərdən ibarət qrup patrul maşını ilə digər silah mağazası “Pantera”ya hücum çəkib. Burada iki nəfərə bıçaq xəsarəti yetirilib, onlardan biri həlak olub. Polis əməkdaşları “Pantera” mağazasına gələndən sonra atışmada 3 hücumçu öldürülüb, 1-i yaralanıb və tutulub, 2-si qaçıb. Sonradan onlar şəhərin kənarında öldürülüblər.
İkinci qrup marşrut avtobusunu ələ keçirib, sərnişinləri düşürdükdən sonra onunla Milli Qvardiyanın hərbi hissəsinə hücum çəkib. Burada hərbçilər və polis əməkdaşları ilə atışmada hücumçuların bir qrupu mühasirəyə alınıb, digəri hərbi hissənin ərazisini tərk edib. Hücumçulardan biri öldürülüb, biri yaralanıb. Milli Qvardiyanın isə 3 əməkdaşı həlak olub, 6 nəfər yaralanıb.
İyunun 6-na keçən gecə aparılam əməliyyat-axtarış tədbirlərində polisə müqavimət göstərən 5 hücumçu öldürülüb, 2-si tutulub. “Pallada” mağazasına hücum cinayətində şübhəli bilinən daha 5 nəfərin tutulduğu bildirilir.