Martın 28-də Ali Məhkəmə Plenumunun qərarı ilə həbsdən buraxılan hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilib.
Musavat.com-un xəbərinə görə, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsi iyunun 2-də qərar qəbul edib. Nəticədə İntiqam Əliyev Avropa Şurasının təşkilatçılığı ilə keçirilən iki günlük (6-7 iyun) tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb.
Ancaq onun ölkədən çıxışına verilən icazə müvəqqəti xarakter daşıyır. Belə ki, məhkəmə İntiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxmasına razılaşıb.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.
2016-cı ildə baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib. Nəticədə İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.