Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərova qarşı yeni ittiham irəli sürülüb. Bunu “Azadlıq” radiosuna V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.
Onun dediyinə görə, V.Ələsgərovla mayın 24-də görüşüb: “Mən Vəli Ələsgərova təqdim olunanda, ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü”.
Vəkil qeyd edib ki, sabiq nazirin ittihamları ağırlaşdırılıb: “Mayın 24-də 308.1-ci maddəni 308.2-yə, 309.1-ci maddəni 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Ələsgərova telefon danışıqlarını qanunsuz dinləmə – 302.2-ci maddə ilə də ittiham elan olundu. Amma bu dinləmə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və ya onun ailə üzvlərinə aid deyil. Tamam başqa şəxslə bağlıdır”.
Amma V.Xasayev dinlənilən şəxsin kimliyini açıqlamayıb.
V.Ələsgərov Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri postunu 2015-ci ilin dekabrında itirib. Belə ki, Naxçıvanda MTN-in bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Martın 29-da həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs qətimkan tədbiri seçilib. Həmin vaxt ona qarşı səlahiyyət həddini aşmaq, səlahiyyətdən sui-istifadə, qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb.
V.Ələsgərovun 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Vəkilinin dediyinə görə, sabiq nazir istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb. Azərbaycanın, həmçinin Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanları isə işgəncə iddialarını təkzib edir.
V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur. Naxçıvan müxalifəti və hüquq müdafiəçiləri daim ondan şikayət ediblər.
Ötən ilin oktyabrında Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin bir çox rəhbər şəxsi həbs edilib. Dekabrda isə prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bu nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.