“Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadəsi qəbuledilməzdir”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında belə deyilir.
Açıqlamada qeyd olunur ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir: “Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir”.
İyunun 2-də Almaniya parlamenti (Bundestaq) qondarma erməni soyqırımını tanıyan sənəd qəbul edib. “101 il öncə Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara olunmuş soyqırımı anma” adlı sənəddə deyilir ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin məhv edilməsi erməni xalqının minillik tarixində böyük iz buraxan dəhşətli fəlakətdir: “Deportasiya və kütləvi qırğın 1 milyondan çox erməninin həyatını itirməsinə səbəb olub”.
Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək 28 ölkə (Fransa, İtaliya, İsveçrə, Niderland, Belçika, Yunanıstan, Kipr, Polşa, Litva, Rusiya, Kanada, Uruqvay, Braziliya, Argentina, Vatikan və s.), ABŞ-ın 44 ştatı, Avropa Parlamenti rəsmən tanıyıb.