İqtisadçı Əkrəm Həsənov “Bank Standart”la bağlı addımlara münasibət bildirib.
Maliyyə Bazarlarına Nəzarət Palatası mayın 3-dən “Bank Standard” Kommersiya Bankına müvəqqəti inzibatçı təyin edib. Buna kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər səbəb gətirilib.
İyunun 3-dən fiziki şəxslərin “Bank Standard”dakı 1000 manata qədər olan əmanətlərinin ödənişinə başlanıb. Bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də davam edəcək. Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.
Transparency.az-ın məlumatına görə, Əkrəm Həsənov yazır ki, bankla bağlı sağlamlaşdırma əməliyyatları heç də arzulanan məqsədlərə xidmət etmir: “Bir ay öncə əmanətlərin qaytarılmasına məhkəmə qərarı əsasında 1 aylıq moratorium tətbiq edildiyi və əmanətlərin iyunda qaytarılacağı deyildi. İndi isə bəyan edirlər ki, hələlik yalnız 1000 manatadək olan əmanətlər qaytarılacaq. Bank sağlamlaşdırılmaq əvəzinə ləğv olunsaydı, Əmanətlərin Sığortalanması Fondu maksimum 6 aya bütün əmanətləri qaytarmalı olacaqdı. Qaytara biləcəkdimi? “Texnikabank”ın ləğvindən sonra fondun pulu tükənib, o, Mərkəzi Bankın krediti hesabına dolanır. Məhz buna görə də “Bank Standard” ləğv olunmadı, sağlamlaşdırılmağa başladı. Fərq odur ki, bu halda məhkəmə qərarı əsasında əmanətlərin qaytarılması üzrə maksimum 1,5 il moratorium tətbiq edilə bilər. Yəni əmanətçilər il yarım, özü də tam qanuni əsasla gözləməli olacaq. Sonra bank ləğv olunmalıdır”.
“Sağlamlaşdırma” əməliyyatının yalnız bir məramı var: vaxt udmaq və əmanətləri qanuni əsasla qaytarmamaq, yəni əmanətlərin tam sığortalanması mexanizmindən yayınmaq. Amma bu da qanunazidd şəkildə edilir. Nazirlər Kabinetinin sağlamlaşdırma haqda qərarı olmalı, həmin qərarda tədbirlər planı təsdiqlənməli idi. Planda o cümlədən dövlətin sağlamlaşdırmaya nə qədər pul xərcləyəcəyi göstərilməlidir. Hanı həmin qərar və tədbirlər planı? Əmanətlərin 1 ay ərzində qaytarılmayacağı haqda məhkəmə qərarı da heç yerdə dərc olunmayıb”.
Ekspert yazır ki, qanun pozuntusu, qeyri-şəffaf yolla sağlamlaşdırma aparıla bilməz: “Xəstə bank sisteminə əmanət etibar etmək olarmı? Digər bankların əmanətçiləri bu əmanətçilərin acı taleyini yaşamayacağına necə əmin olsun? İndi pulunu bankdan ala bilməyən əmanətçilər nə etsin? Kollektorlara, ya məhkəməyə müraciət etsinlər, yoxsa bankirlərin borca görə həbsi tələb olunsun?
Bizdə eyni əmələ görə müştərinin başına oyun açılır, banka gözün üstə qaşın var deyən tapılmır. Odur ki, əmanətçilərin yalnız bir silahı var: pullarını banklardan geri çəkmək. Bu halda isə bank sistemi çökə bilər”.