ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərə dair birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi görüşlərin məqsədi mayın 16-da Vyanada keçirilmiş görüşdə verilmiş qərarların icrasını müzakirə etmək olub.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiq ediblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması barədə layihə sənədlərinə baxılmasını nazirlərin nəzərinə çatdırıblar.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan görüşüb. Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib. Başqa bir razılaşmaya görə, münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqlar iyun ayında keçirilməlidir.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu) işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.