İyunun 2-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusla bağlı qərarını elan edib.
Məhkəmə Leyla və Arif Yunusların Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən işgəncələrin qadağan olunması hüququnun pozulduğunu tanıyıb və Azərbaycan hökumətinin onların hər birinə 13 min avro kompensasiya verməsi barədə qərar çıxarıb. Qərara görə, hökumət məhkəmə və digər xərclər üçün Yunusların hər birinə əlavə olaraq 2 min avro da verməlidir. Beləliklə, bu iş üzrə Azərbaycan dövləti ümumilikdə 30 min avro cərimələnib.
Məhkəmə qərarında deyilir ki, Leyla və Arif Yunuslara həbs qətimkan tədbiri seçilən vaxt lazımi tibbi yardım göstərilməyib.
Qərarda Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsi (fərdi şikayətlər) ilə təsbit olunan öhdəliklərə əməl etmədiyi də vurğulanıb.
Vəkil Cavad Cavadov “Amerikanın səsi”nə deyib ki, Yunusların Avropa Məhkəməsində daha iki şikayəti var. Həmin şikayətlər Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədədir. Cavad Cavadovun sözlərinə görə, bu işlər üzrə də yaxın vaxtda qərar çıxarılacağı gözlənilir.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə 2015-ci il noyabrın 12-də həbsdən buraxılıb. Həmin il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.
2016-cı ilin aprel ayında Leyla və Arif Yunuslar Azərbaycanı tərk edərək Hollandiyaya gediblər.