“Biz istənilən şəraitdən üzüağ çıxa bilərik və çıxırıq”. Prezident İlham Əliyev iyunun 1-i Bakıda keçirilən “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının açılışında belə deyib (Çıxış). Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edib: “Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərildi və bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərimizin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır. Ona görə vəsaitin şəffaf saxlanması və idarə edilməsi üçün Dövlət Neft Fondu yaradılıb. Bu gün bu fond dünya miqyasında ən şəffaf, suveren neft fondlarından biridir.
Aparılan bütün infrastruktur və yenidənqurma işləri bir məqsədi güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün. Biz bu istiqamətdə bu gün də işləyirik. Bizim üçün bu gün ən önəmli vəzifə məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı iqtisadi inkişaf konsepsiyamızı icra edək və gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmayaq”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan hökuməti “Cənub” qaz dəhlizinin icrası ilə ciddi məşğuldur: “Bununla bərabər biz iqtisadiyyatın şaxələndirilməsi ilə daha da ciddi məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. 2016-cı il bizim üçün, neftlə zəngin olan bütün ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bir neçə dəfə aşağı düşüb, təbii ki, bu, bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır və artıq biz bunu görürük. Əminəm ki, gələn ildən iqtisadi artım bərpa ediləcək.
Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıbdır. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayıb. Ancaq biz istənilən şəraitdən üzüağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə də bütün sosial proqramlar icra edilir. Maaşlar, pensiyalar bu il 10 faiz qaldırılıb. Bütün sosial infrastrukturun yaradılması istiqamətində işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır. Neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaradıb və hesab edirəm ki, bu, bizim xeyrimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara çox böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə daha qənaətlə yanaşırıq. Ancaq prioritet məsələlərə dövlət vəsaiti ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar, bizə inanırlar və hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq”.