İyunun 1-də prezident İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.
XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “İTECA Caspian” və “İTE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər beynəlxalq energetika və alternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.
Sərgi-konfransda çıxış edən prezident İlham Əliyev deyib ki, neft-qaz sahəsində qarşıya qoyulan bütün layihələr uğurla icra olunur. Azərbaycanda neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldildiyini qeyd edən dövlət başçısı bildirib ki, görülən işlərin əsas məqsədi Azərbaycanda neftdən asılılığı aşağı salmaq və iqtisadiyyatı şaxələndirməkdir.
“Şahdəniz” yatağının dünya miqyasında ən böyük qaz yataqlarından biri olduğunu bildirən İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının həm “Şahdəniz”, həm də digər yataqlardan çıxan Azərbaycan qazının dünya bazarına ixrac olunması baxımından roluna toxunub.
“Cənub Qaz Dəhlizi” layihəsinə dünyada marağın daha da artdığını deyən dövlət başçısı bu layihənin perspektivindən danışıb, onun mövcud formatının genişləndiriləcəyini qeyd edib. İlham Əliyev vurğulayıb ki, bu layihənin dünyada enerji təhlükəsizliyi məsələsində rolu var.
Azərbaycanın kifayət qədər qaz ehtiyatlarının olduğunu diqqətə çatdıran İlham Əliyevin sözlərinə görə, hazırda “Abşeron” və “Ümid” yataqlarının işlənməsi ilə bağlı işlər aparılır. Azərbaycanın elektrik enerjisi ixrac etdiyini, ölkənin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, bu layihələrdən tranzit və istehlakçı ölkələr də bəhrələnir.
“Bizim gələcəyə dəqiq, aydın baxışlarımız var” deyən dövlət başçısı bildirib ki, 25 il ərzində Azərbaycan müstəqil ölkə kimi yaşa biləcəyini sübut edib.
Prezident İlham Əliyev 2016-cı ilin sınaq ili olduğunu, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkədə bütün sosial layihələrin icra edildiyini, gələn il iqtisadi artımın bərpa olunacağını, gələcəkdə neft amilindən asılılığı tam aradan qaldırmaq üçün işlərin görüldüyünü söyləyib.