“Bakı” futbol klubunun vitse-prezidenti Yaşar Seyidov Qol.az-a müsahibəsində komandanın durumundan, ölkə futbolunun problemlərindən danışıb: “Bakı” klubu ilə bağlı böyük planlarım vardı. Ancaq səlahiyyətlər mənə verilmədiyinə görə öz bilik və bacarığımı tətbiq edə bilmədim. Baxmayaraq ki, klubda vitse-prezident idim. İş mövcud Azərbaycan cəmiyyətindəki vəziyyətə, reallığa uyğun quruldu.
“Bakı”nın sələfi olan “Dinamo”nun baş məşqçisi rəhmətlik Ruslan Abdullayev bir dəfə mənə çox təəssüflə dedi ki, biz bilik və bacarığımızı Azərbaycan futbolu üçün tətbiq edə bilmədik. Ruslan müəllim söylədi ki, mən ölüb gedəcəm, bütün bu ideyalar, düşüncələr də mənimlə gedəcək. Doğrudan da çox keçmədi, Abdullayev dünyasını dəyişdi. Onun qəbrini ziyarət edəndə həmin vaxt söylədiyi fikri yadıma salıram. İnsan nə qədər bilsə də, cəmiyyət üçün nə qədər xeyirli işlər görmək istəsə də, səlahiyyəti olmayanda bunları etmək qeyri-mümkündür”.
“Bakı”nın prezidenti Hafiz Məmmədovla ideyalarla bağlı fikir mübadiləsi aparmışdınızmı” sualını cavablandıran Yaşar Seyidov deyib: “Sözsüz ki, Hafiz müəllimlə geniş müzakirələrimiz olub. Ancaq bu gün etiraf edirəm ki, düşündüklərimi həyata keçirmək üçün o səlahiyyətləri ala bilmədim. Elə məsələlər var ki, mətbuata açıqlamaq istəmirəm.
Mən elə bir sistem qurmaq fikrində idim ki, düşündüyüm klub heç vaxt sponsora ehtiyac, maddi çətinliyə düçar olmayacaqdı. “Bakı”nın problem yaşamayacaq bir kluba çevrilməsini düşünürdüm.
Biz dediyimizin 10 faizini qura bildik. Bu da sistemli şəkildə uşaq komandalarını, futbol akademiyasını yaratmaq idi. Həmin akademiyanın futbolçuları “Bakı”nı ən çətin vaxtında sonadək arxasınca apardılar. Ancaq burada başqa bir nüans da var. Orda elə bir struktur da qurulmalı idi ki, akademiyanın özündə müəyyən gəlir gətirən sahələr olsun. Nəticədə ən çətin vaxtda bazaların idarə olunması, səfərlərə getməklə bağlı müəyyən adamların sponsorluğuna ehtiyac görməməli idik. Nəzərdə tutulan bəzi layihələri həyata keçirə bilmədik”.
Yaşar Seyidovun fikrincə, futbol siyasəti düzgün aparılmadığından hazırda böhran yaşanır: “Həmişə demişəm ki, AFFA prezidenti Rövnəq Abdullayev mövcud vəziyyətlə əlaqədar bütün klub rəhbərlərinin iştirakı ilə toplantı keçirməlidir. Hər kəs vəziyyətdən çıxış yollarını Rövnəq müəllimlə birbaşa müzakirə etməlidir. AFFA prezidenti də bu təklifləri alandan sonra ölkə başçısı səviyyəsində futbolun inkişafı ilə bağlı proqram qəbul olunmalıdır. Klubların sponsorlarının böyük maliyyə imkanı olmalıdır ki, onun bir hissəsini də futbola qoysunlar. Ancaq indi istər premyer liqa, istərsə də I divizion klublarının əksəriyyətinin maddi dəstəyi daha çox neft sektoru ilə bağlıdır. Futbolun inkişafı ilə bağlı ciddi qərarlar qəbul olunmasa, futbol ələbaxan idman növünə çevriləcək.
AFFA-da 95 min futbolçu qeydiyyatdan keçib. Ancaq Avropa çempionatında U-17 yığmamız 5 legionerlə çıxış edirdi. Bu nəyin göstəricisidir? Əsas odur ki, biz keyfiyyətə fikir verməliyik. Sözsüz ki, kütləvilik lazımdır. Ancaq kütləviliklə peşəkarlığı qarışdırmaq olmaz. Futbolun inkişafı üçün peşəkar düşüncəyə sahib, futbolu bilən insanlar futbolda olmalıdır. Bu gün hamı uşaq futbolundan danışır, ancaq gəlin görək bu sahədə kim nə iş görüb? Uşaq futbolu ilə bağlı kimsə ortaya ciddi proqram qoyaraq həyata keçiribmi? Yox. Yaxşı ki, “Bakı”nın, “Qəbələ”nin futbol akademiyaları var. Mən hərdən yolumu Qəbələyə salıram, görülən işlərə baxıb sevinirəm. Maddi dəstək olmasa, olan-qalanlar da çox bərbad vəziyyətə düşəcək. “Bakı”nın FİFA standartlarına cavab verən 5 meydançası var. Hər meydançanın saxlanması, suvarılması üçün hər gün ən azı 60-70 kub su lazımdır. Bunun xərci gündəlik 700-800 manatdır. Ona görə heç kəs təbii meydança salmır, süni meydança salır. Bu meydançalarda isə futbolçuların uşaqlıqdan əzələləri məhv olur. Biz onları uşaqlıqdan məhv edirik. Uşaqlar təbii meydançada oynamalıdır. Təbii meydançalar bahalı olduğundan iş adamlarına sərf etmir.
Yaxud götürək vitaminləşməni. Avropada uşaq futbolunda buna ayrılan vəsait böyük olduğundan böyük işlərə də iddialıdırlar. Biz nə qədər uşaq futboluna vəsait ayırmayacağıqsa Azərbaycan yığması qrupda sondan 2-ci yeri tutmaqla kifayətlənməlidir”.
Futbol idarəçiliyində qüsurlara toxunan Yaşar Seyidov deyib: “Bir çox ölkədə klublara nəzarət komitəsi var. Bizdə də vaxtında belə bir komitə yaradılmalı idi. 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramında klublara nəzarətlə bağlı bənd nəzərdə tutulmalı idi. Bu komitə olsaydı, futbolçularımız xarici ölkələrdə oynayacaqdı. Azərbaycanın hansı futbolçusu gedib Avropada oynayır?
Bu gün hamı futbolu istəyir. Ancaq heç kəs futbolu bilən insanları toplayıb fikrini dinləmir. Son 10 ildə bütün regionların, bütün klubların iştirakı ilə toplantı keçirilərək futbolun inkişafı müzakirə olunubmu? Mənim yadıma gəlmir.
AFFA İcraiyyə Komitəsi heç olmasa bütün klub rəhbərlərini yığıb, böyük bir toplantı keçirib problemlərlə tanış olmalı, çıxış yollarını müzakirə etməli, AFFA prezidenti səviyyəsində hansısa məsələləri qaldırmalı idi. Dövlət səviyyəsində dəstəklənməsə, futbolun inkişafından söhbət gedə bilməz”.
“Bakı”nın durumundan söz açan vitse-prezident qeyd edib ki, komanda premyer liqada iştirak etməklə bağlı lisenziyalaşdırmada 5 meyardan 4-nə cavab verir: “Yalnız maliyyə meyarına cavab vermirik. Transfer siyasətində yanlışlıqlar olmasaydı, I divizionda rahat lisenziyamızı alıb premyer liqada oynayardıq. Səmimi etiraf edirəm ki, bu gün birinci divizionda heç bir klub premyer liqada oynamağa hazır deyil. I divizionda infrastrukturu, heç olmasa 3-4 meydançası olan klub adı çəkə bilməzsiniz. Eyforiyadan, utopiyadan uzaq olmalıyıq. Reallığı deməliyik ki, çətinliklər nədir, vəziyyətdən çıxış yolları nədir”.
“Bakı”nın gələcəyindən danışan Yaşar Seyidov deyib ki, komandanın iki çıxış yolu var. “FİFA-nın çıxardığı qərar əsasında legionerlərə borc ödənməzsə, heç vaxt premyer liqada çıxış edə bilmərik. Birinci yol bu borcun ödənilməsidir. İkinci çıxış yolu “Bakı”nın strukturu əsasında yeni bir klubun yaradılmasıdır. Yeni bir klub olmalıdır. Həmin komanda “Dinamo”nun varisi hesab edilə və çempionatda yer tutaraq Avropa kuboklarına gedə bilər”.