Brüsselə səfər edən xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün olan ən tez bir zamanda irəlilətmək məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.
Həmin gün Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib. Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan nazir deyib ki, 20 ildən çoxdur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz ərazisi Ermənistanın işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq şəxs qanlı etnik təmizləməyə məruz qalıb.
Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı məlumat verən Elmar Məmmədyarov işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini vurğulayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb: “Mayın 16-sı Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik”.
Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan görüşüb. Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.
Görüşdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib. Başqa bir razılaşmaya görə, münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqlar iyun ayında keçirilməlidir.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü il mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.