Mayın 31-də Rumıniya prezidenti Klaus Yohannis dörd sabiq nazirə cinayət işinin başlanması üçün sanksiya verib.
Rumıniya qanunvericiliyinə görə, hökumətin sabiq üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmasına sanksiyanı dövlət başçısı verir.
Novator.az-ın məlumatına görə, keçmiş nazirlərdən üçü eyni nazirliyə başçılıq edib. Mixay Tenesesku 2000-2004, Sebastyan Vledesku 2005-2007, George Podji 2008-2009-cu illərdə maliyyə naziri postunu tutub. Dan İoan Popesku isə 2003-2004-cü illərdə ticarət və iqtisadiyyat naziri olub.
Prezident Klaus Yohannis onlara cinayət işinin qaldırılması üçün ədliyyə nazirinə tələbnamə göndərib. Dövlət başçısı öz qərarında Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorçuluqla Mübarizə İdarəsinin müraciətinə əsaslanıb. İdarənin prokurorları “Rompetrol Group NW..” şirkətinin işi ilə əlaqədar sabiq nazirlərə cinayət işinin başlanmasını zəruri sayıblar və bununla bağlı prezidentə müraciət ediblər.
Sabiq nazirlər vəzifədən sui-istifadədə, talançılıqda, cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər. Prokurorlar hesab edirlər ki, Mixay Tenesesku, Sebastyan Vledesku, George Podji və Dan İoan Popesku hökumət üzvü olanda şirkətlərin borclarını dövlət istiqrazlarına çevirmək istəyən iş adamlarına kömək ediblər.
Prokurorlar Rumıniya dövlətinə dəyən ziyanı 700 milyon dollar həcmində hesablayıblar.