İqtisadçı ekspert Vüqar Bayramov milli valyutanın məzənnəsi ilə bağlı durumu şərh edib.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.
Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,4906 manatdır. Bu il ABŞ valyutasının ən aşağı qiyməti 1,49 manat olub.
Transparency.az bildirir ki, ekspert Vüqar Bayramov ikinci devalvasiyada 48 faiz dəyər itirən manatın son beş ayda 4 faiz möhkəmlənməsinə aydınlıq gətirib: “İkinci devalvasiyadan sonra vətəndaşlar, eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. Qara bazarda dolların məzənnəsi hətta 1,90 manata yüksəldi.
Mart ayından istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardı. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi məhdudiyyətlər də dollara tələbi azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11,542 milyard manatdan 6,726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı.
Dörd faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalır. Bu isə o deməkdir ki, Mərkəzi Bank manatın məzənnəsinə ən azı valyuta bazarı qədər təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də belə milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda biznesdə milli valyutanın gələcək məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalacaq. Mərkəzi Bank inzibati metodlarla prosesi uzun müddət apara bilməz. İdxal artarsa, dollara tələb yenidən yüksələcək.
Digər tərəfdən “isti pullar” real sektoru canlandırmanın əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddət sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir”.
Bütün sadalananlara əsasən ekspert yaxın gələcəkdə manatla bağlı mümkün dəyişiklikləri belə sıralayıb:
— mövcud iqtisadi qanunlarla milli valyutanın uzun müddət möhkəmlənməsi mümkün deyil. Mərkəzi Bank inzibati metodlardan yalnız qısamüddətli dövrdə faydalana bilər;
— xarici valyutaya tələb real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi ilə yüksələ bilər;
— enerji məhsulları ümumi ixracatın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barrelinin 40 dollardan aşağı, orta proqnoz isə 60 dolları aşmasıdır. Neft 80 dollardan yüksək satılarsa, manat üçün nikbin mənzərə formalaşa bilər. Əgər xarici müdaxilələr olmasa, güman ki, qiymət 50 dollar ətrafında stabilləşəcək;
— Aparılan müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımından vacib olmaqla yanaşı xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək. Digər tərəfdən, ABŞ-ın Federal Ehtiyat Sistemi gələn ay uçot dərəcəsini artırarsa, manata psixoloji təzyiq formalaşacaq. Bu zaman inzibati metodlar zəifləyərsə, dollar ölkədə yenidən dəyər qazanacaq;
— Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq kursun müəyyənləşdirilməsində baş bank deyil, valyuta bazarı aparıcı olacaq.