Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil edib. Mayın 27-də yayılan rəsmi məlumata görə, tədbirdə dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin gənclərin səmərəli məşğulluğunun təmin olunmasına yönəldiyi vurğulanıb. Bildirilib ki, Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin yanvar-aprel aylarında münasib işlə təmin edilənlərin 35,6 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların isə 60 faizə qədəri gənclərdir.
“Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədi daşıyır. Bu il Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 5 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Qafqaz Universitetindəki tədbir zamanı 12-si dövlət, 72-si özəl sektora aid 84 müəssisə tələbə və məzunlara 377 boş (vakant) iş yeri təklif edib.