Parlament respublikası olan Türkiyədə hakim partiyanı təmsil edən deputatlar həm də hökumətdə yer ala bilir. Hazırda baş nazir, onun müavinləri və nazirlər deputat mandatı daşıyırlar. İsraildə də belə sistem var.
Bütün parlament respublikalarında belədirmi? Belə təcrübəni hakimiyyətin müxtəlif qollara bölünməsi baxımından necə şərh etmək olar? Beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev Transparency.az-a parlament idarə üsulunun özəlliklərindən danışıb: “Parlamentin vətəni İngiltərədir. Bu ölkədə parlament işləyəndə Avropada hələ monarxiyalar hökm sürürdü. Amma İngiltərə dərhal parlamentli respublika olmayıb. Öncə ölkədə Lordlar və Nümayəndələr palatalarından ibarət parlament vardı, hökumətin başında isə kral dayanırdı. Kral parlamentin bütün üzvləri ilə deyil, seçilmişlərlə, yəni lordlarla danışırdı. Parlamentdən gələn həmin şəxslər sonradan Nazirlər Kabinetini formalaşdırdı. Nazirlərin parlamentin üzvü olması ənənəsi buradan, İngiltərədən gəlir. Parlamentli respublika modelini qəbul edən digər ölkələr də bu yolla gedib”.
Bu cür sistemə niyə parlamentli respublika deyilir? Fərhad Mehdiyev bildirir ki, parlament idarə üsulunu seçən ölkələrdə hakimiyyət bölgüsü olsa da, ən güclü orqan parlamentdir: “Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə, dövlət başçısı isə yeni seçki təyin edə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir, güclər bir qüvvənin əlində cəmlənmir, hakimiyyətin bir nəfərin, bir klanın və ya ailənin əlində toplanmasının qarşısı alınır”.
Ekspert qeyd edir ki, keçmiş sovet məkanında yalnız Gürcüstan və Baltik ölkələrində qaydalara uyğun parlamentar sistemlər var: “Azərbaycan, Ermənistan, Rusiya da daxil olmaqla qalan bütün ölkələrdə prezident idarə üsuludur. Parlamentli respublikada prezidentin adı nadir hallarda eşidilir. Məsələn, Almaniyada prezident heç xatırlanırmı, onun adı tez-tez hallanırmı? Yox.
Parlamentdə daha çox yer alan partiyaya hökumət qurmaq səlahiyyəti verilən Ermənistanda isə əsas hakimiyyət prezidentin əlindədir, ölkədə əsas söz sahibi odur. Buna yarı parlament idarə üsulu demək olmaz. Rusiyada da eyni vəziyyətdir.
Yarı prezident üsulunu Fransada 1958-59-cu illərdə baş nazir olan zaman Şarl de Qoll yaradıb. Ölkənin konstitusiyasında təmiz parlamentar sistem nəzərdə tutulurdu. Parlamentar sistemin bəzən belə problemi olur: partiya təkbaşına hökumət yarada bilmir. Hökumət qurulandan sonra isə parlamentdən etimad rəyi istənilir, deputatların 51 faizi hökuməti dəstəkləməlidir. Mandatların 15-20 faizinə sahib olduqda hökuməti quracaq güc yaranmır, iki-üç partiya birləşərək koalisiya qurur. Fransada o zaman Əlcəzairlə müharibə üzündən qeyri-sabitlik hökm sürdüyü üçün baş nazir De Qoll referenduma prezidenti xalqın seçməsi haqqında məsələ çıxardı. Parlamentar üsulda prezidenti və baş naziri xalq deyil, parlament seçir. De Qoll ümumxalq seçkisində prezident seçildikdən sonra konstitusiyada daha bir neçə dəyişiklik etdi və simvolik səlahiyyətlərini həqiqiləşdirdi.
Parlamentar sistemdə dövlət başçısı nazir təyinatına müdaxilə etmir. Yarı prezident üsul-idarəsində isə prezident bu işə qarışır. Avropada yalnız Finlandiya və Fransa bu modeli tətbiq edir, qalan dövlətlər sırf parlament respublikalarıdır. Parlamentar respublikalar daha demokratik, daha azaddır, bu dəyərləri qoruyub saxlaya bilir. Ölkə demokratiyanın daha üstün pilləsinə keçmək istəyini bəyan edirsə, prezident idarə üsulundan çıxıb parlamentli respublikaya çevrilir”.
Uğurlu prezident idarə üsuluna Amerika Birləşmiş Ştatlarını misal gətirən ekspert bunun səbəblərini belə izah edir: “Amerikada iki mexanizm – federalizm və demokratik mərkəziyyət prinsipindən uzaq partiyalar dövlət başçısının diktator olmasının qarşısını alır. Federal dövlətdə prezident, mərkəzi hökumət bütün səlahiyyətlərə sahib deyil, səlahiyyətlər əyalətlərlə paytaxt arasında bölünüb. Demokratik mərkəziyyət prinsipi olmayan partiyalarda isə üzvlər sədrin, idarə heyətinin nə deməsinə bağlı olmur. Amerika partiyaları öz üzvünə əmr edə bilmir”.
Transparency.az xatırladır ki, Cənubi Qafqazın üç ölkəsindən ikisində hökumət parlament seçkisinin nəticəsi əsasında qurulur. Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə mandatların yarıdan çoxunu əldə edən partiya formalaşdırır.
90 deputatı proporsional, 41-i majoritar üsulla seçilən 131 yerlik Ermənistan parlamentində də mandatların yarıdan çoxunu alan partiyaya hökumət qurmaq səlahiyyəti verilir. Ölkənin yeni konstitusiyası isə 2017-ci ildən parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Yeni ana yasaya görə, hökuməti tam proporsional üsulla seçiləcək 101 yerlik parlamentdə 53 mandatı olan partiya quracaq.