Mayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı şərti cəza ilə azadlığa buraxıb. Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. O, son iki ay yarımda azadlığa çıxan 18-ci tanınmış məhbusdur.
Hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısında Xədicə İsmayılın adı jurnalistlər və bloqçular bölümündə idi.
Adı siyahının həmin bölümündə olmuş Rauf Mirqədirov martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxıb. Daha 15 nəfər prezidentin martın 17-də imzaladığı əfv sərəncamı əsasında həbsdən buraxılıb. Siyahının jurnalistlər və bloqçular bölümündən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Ömər Məmmədov, hüquq müdafiəçiləri bölümündən Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, gənc fəallar bölümündən Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, müxalif siyasətçilər bölümündən Yadigar Sadıqov, digər işlər bölümündən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli əfvə düşüblər.
Martın 28-də isə Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. İntiqam Əliyevin adı siyasi məhbus siyahısının hüquq müdafiəçiləri bölümündə yer alırdı.
Azadlığa çıxanlardan sonra hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyahının jurnalistlər və bloqçular bölümündə 7 nəfərin — Əbdül Əbilov, Nicat Əliyev, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Rəşad Ramazanovun adı yer alır.
Hüquq müdafiəçilərindən Əliabbas Rüstəmov həbsdədir.
Gənc fəallardan İlkin Rüstəmzadənin adı siyasi məhbus siyahısında yer alır.
Müxalif siyasətçilərdən 8 nəfərin adı siyasi məhbus siyahısındadır: İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.
Digər işlər bölümündə keçmiş səhiyyə naziri Əli İnsanovun da var.
Siyasi məhbus siyahısının inanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanovun da adlarına rast gəlmək mümkündür. Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı var: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.
Transparency.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.