Azərbaycan Praktik Psixoloqlar Assosiasiyası psixoloq Şükran Dədəyevin “Psixika: insan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi. Yeni Fundamental Psixologiyanın əsasları” adlı kitabını 2016-cı ilin elm üzrə Dövlət Mükafatına təqdim edib.
Kitab prosedura uyğun olaraq Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Komissiyasına təqdim olunub.
Müəllifin adıçəkilən əsəri 2007-ci ildə Azərbaycanda, 2013-cü ildə ABŞ-da (ingilis dilində) nəşr edilib.
Müəllif bu elmi əsəri Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alarkən yazmağa başlayıb. Əsər 15 ildən çox müddətdə yazılıb.
Novator.az-a açıqlamasında Şükran Dədəyev deyib ki, onun “Psixika: insan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi. Yeni Fundamental Psixologiyanın əsasları” əsəri psixologiya elminin müasir problemlərini əhatə edən beynəlxalq səviyyəli elmi işdir: “Əsərdə elmlər sistemində ilk dəfə olaraq insan orqanizmində psixikanın yerləşdiyi məkan, daxili strukturu və fəaliyyət xüsusiyyətləri müəyyənləşdirilir və öyrənilib. “Beyin yarımkürələrinin asimmetriyası”nın psixoloji xüsusiyyətləri sistemli şəkildə tədqiq olunub. Əsərdə Sovet İttifaqı dağıldıqdan sonra dünyada psixologiya elmində yaranan böhranı aradan qaldırmaq üçün elmi yanaşmalar da irəli sürülüb. Psixologiya üçün yeni fundamental elmi əsaslar yaradılıb, psixologiyaya yeni vahid beynəlxalq tərif verilib”.
Şükran Dədəyev vurğulayıb ki, o, dünyada psixologiya elminin siyasiləşməsinə və parçalanmasına qarşı çıxır.
“Psixika: insan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi. Yeni Fundamental Psixologiyanın əsasları” əsərinə ABŞ-ın tanınmış professorları, mütəxəssisləri rəylər veriblər.
İllinoys Universitetinin professoru Maykl Stivens yazıb: “Şükran Dədəyev 15 il ərzində psixika və beyni yeganə bir vəhdətdə sintez etməyə, birləşdirməyə səy göstərən maraqlı araşdırmaları ilə psixologiya elmi və ixtisası üçün orijinal əsaslı perspektivlər hazırlayıb”.
Kolumbiya Universitetinin professoru Robert Remez bildirib: “Mən həyatımda uzun illərdir ki, bu cür yaxşı elmi reallığa rast gəlmirdim…”
Amerika Milli Sağlamlıq İnstitutundan elmlər doktoru Mariya Levintova azərbaycanlı psixoloqun əsərində irəli sürülən elmi yanaşmaya çoxdan tələbatın olduğunu belə ifadə edib: “Siz çoxdan gözlənilənsiniz” (You are most welcome!).
ABŞ vətəndaşı Robbi Hohman öz şərhində və Şükran Dədəyevə minnətdarlıq məktubunda yazıb: “Yeni Psixologiyaya görə minnətdarlıqlar. Çox sağ olun ki, sizi “insan” edən xüsusiyyətləri və mənəvi məsuliyyəti öz üzərinizə götürərək düzgün şüurlu qərar qəbul etmisiniz. Sizin cəsarətli məqsədləriniz var”.
ABŞ-ın Minnesota Universitetinin professoru, 2004-2008-ci illərdə Psixologiya üzrə Beynəlxalq İttifaqın prezidenti olmuş Bryus Overmier öz rəyində yazıb: “Üç hissəli bu elmi iş müəllifin məqsədlərinə nail olması problemini oxucular üçün həll edir. Beynəlxalq psixologiya bu cür düzgün yeni elmi yanaşmalara və psixologiyalara ehtiyac duyur”.
Bu və digər rəy və şərhlərlə Şükran Dədəyevin ingilis dilində fəaliyyət göstərən http://www.newpsychology.us elmi saytında da tanış olmaq olar.
Müəllif bildirir ki, onun əsərində tədqiqat nəticələrinin əldə olunması məqsədilə müasir psixoloji, kliniki, neyropsixoloji və neyrobioloji elmi nəticələrdən də istifadə olunub: “Əsərdə Azərbaycan tədqiqatçıları, tələbələr və sadə oxucular son elmi nailiyyətlər haqda Azərbaycan dilində geniş məlumatlar əldə edə bilirlər. Çünki bu əsər Azərbaycanda müasir dünya psixologiyasının, neyroelmlər sisteminin, kliniki psixologiyanın və “beyin yarımkürələrinin asimmetriyası”nın əsas problemlərini özündə əks etdirən elmi işdir”.
“Psixika: insan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi. Yeni Fundamental Psixologiyanın əsasları” əsəri xarici ölkələrdə 2000-ci ildən təbliğ olunur. Bu müddət ərzində müəllif dünyanın aparıcı universitetlərində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən həmkarları ilə əməkdaşlıq edib, fikir mübadiləsi aparıb. 2001-ci ildə Kanadanın Kalqari Universitetinin professoru Hank Stam Şükran Dədəyevin elmi işləri ilə tanış olduqdan sonra bu elmi layihənin dünyada “İnsan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi” kimi adlandırılması və təbliğ olunması təklifini irəli sürüb.
Əsərin əsas elmi nəticələri dünyanın bir sıra elmi konfrans və konqreslərinə qəbul olunaraq nəşr edilib. Məsələn, bu elmi nəticələr, həmçinin “psixologiyanın vahid beynəlxalq tərifi” psixologiya üzrə üç beynəlxalq konqresə (Çin – 2004, Cənubi Afrika – 2012, Yaponiya – 2016) qəbul edilib.
Psixologiya üzrə Beynəlxalq Konqres dünyada dörd ildən bir keçirilən nüfuzlu elmi yığıncaqdır.
Bütün bunları xatırlatmaqla yanaşı Şükran Dədəyev onu da qeyd edir ki, indiyədək Azərbaycanda heç vaxt heç bir dövlət dəstəyinə və əlverişli elmi fəaliyyət şəraitinə malik olmayıb.
Şükran Dədəyev tələbəlik illərindən elmi araşdırmalarla məşğuldur. Onun “Psixi enerji” adlı ilk kitabı Bakı Dövlət Universitetində təhsil alarkən – 1994-cü ildə işıq üzü görüb. Tələbəlik illərində yazdığı digər elmi məqalələri isə onun 2008-ci ildə nəşr etdirdiyi “Psixologiya və fəlsəfə” adlı kitabının əsas hissəsini təşkil edir.
Dövlət Mükafatına təqdim olunan, 2007-ci ildə Azərbaycan dilində, 2013-cü ildə ingilis dilində nəşr edilən “Psixika: İnsan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi. Yeni Fundamental Psixologiyanın əsasları” əsərindən başqa, Şükran Dədəyev vətəndə və xaricdə işıq üzü görmüş bir çox elmi, pedaqoji-psixoloji, psixoterapevtik, elmi-publisistik məqalələrin, tərtib etdiyi çoxlu sayda psixotestlərin müəllifidir. Azərbaycanda psixotestlərin mentalitetə uyğunlaşdırılmasında, milliləşdirilməsində və milli testologiyanın yaranmasında Şükran Dədəyevin xüsusi xidmətləri var.