İqtisadçı alim Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı mayın 25-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda dəyirmi masa keçirib. İqtisadçı ekspertlər, politoloqlar, hüquqşünasların qatıldığı tədbirdə bank sektorundakı böhranı aradan qaldırmaq üçün tövsiyələr paketi diqqətə çatdırılıb.
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir.
Transparency.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının tövsiyələr paketində Milli Məclisə bu ismarışlar yer alır:
— borclarını qaytara bilməyən vətəndaşların həyat şəraitinin pisləşməməsi, borc bazarında yenidən iştiraka məhdudiyyətin yaranmaması üçün fiziki şəxslərin iflası haqqında qanun qəbul olunsun;
— hüquqi şəxslərin müflisləşməsi haqqında qanun təkmilləşdirilsin;
— müvafiq qanunvericilikdə dəyişiklik edilməklə kredit ombudsmanı yaradılsın;
— problemli kreditlər üzrə agentlik yaradılsın, problemli kredit portfelinin satılması üçün qaydalar müəyyən olunsun;
— sığortalanan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, xarici valyuta ilə 3 faizdən 5 faizə qaldırılsın;
— devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşdırılsın.
Mərkəzi Bank üçün isə bu tövsiyələr irəli sürülüb:
— borcunu vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkanı yaradılsın, faiz həddi ilə bağlı qaydalar müəyyən edilsin;
— müştərilərin, xüsusən aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin üçdə biri səviyyəsində məhdudlaşdırılsın;
— antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılsın;
— bankdan kredit alanların aktivləri yenidən dəyərləndirilsin, mövcud kredit şərtlərinə yenidən baxılsın, potensial risklər haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilsin; müştərilərin kredit reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək olunsun və müştərilərin kredit balı sistemi yaradılsın;
— iş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə yenidən iş yeri tapıb krediti qaytara bilməsi üçün kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilsin;
— yüksək riskli kreditlərin verilmə prosesi dayandırılsın və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməsin;
— bankların kapitallaşma dərəcəsi Bazel III prinsiplərində (Bazel III sənədini 2010-2011-ci illərdə Bank Nəzarəti üzrə Bazel Komitəsi təsdiq edib. Sənəd bank tənzimlənməsi sahəsində metodiki məsləhətləri əks etdirir) nəzərdə tutulandan azı 2 dəfə çox olmaqla artırılsın.
Maliyyə Bazarlarına Nəzarət Palatasına tövsiyə edilib ki, xarici valyuta ilə kreditlər mal ixrac edən və valyuta gəlirləri olan şirkətlərə, istehsal avadanlıqlarının idxalı ilə məşğul olan şirkətlərə (bu zaman verilən kreditlər kredit götürənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin) verilsin. O cümlədən bir fiziki və ya hüquqi şəxsə böyük məbləğdə əsaslandırılmamış valyuta satışının məhdudlaşdırılması, xaricdən cəlb edilən kredit faizlərinə maksimum hədd qoyulması, yerli bankların səhmlərinin müəyyən bir qisminin (məsələn, 20 faizə qədərinin) xarici investorlara satılması da tövsiyə olunur.
Azərbaycan Demokratiya və Rifah Hərəkatı tövsiyə edir ki, orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılmalı, sosial yönümlü və orta və kiçik biznes üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi üçün xarici kreditlər cəlb edilməli və bu kreditlərə dövlət təminatı verilməli, həmin kreditlər heç bir halda ticarət və ya istehlaka yönəldilməməli, yalnız istehsal məqsədli olmalıdır.
Banklar Assosiasiyasına, Azərbaycan Mikromaliyyə Assosiasiyasına, kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına da tövsiyələr irəli sürülüb:
— valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və differensial yanaşılsın, birinci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəştlər tətbiq olunsun, ilk devalvasiyaya uyğun olaraq 1,05 manat — 1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin;
— müştərilər krediti əvvəlcədən bağlayırsa, götürdüyü kreditin müddətindən (21 fevraldan əvvəl və sonra) qalıq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər tətbiq edilsin;
— vaxtı keçmiş borcları bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilsin;
— yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin;
— borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları yaradılsın.